Əmanətlərin qaytarılması prosesi sürətlənəcək

emanetlerin-qaytarilmasi-prosesi-suretlenecek
Oxunma sayı: 639

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“Mövcud məsələ haqqında dövlət başçısının tapşırığı var və yaxın müddətdə biz “Əmanətlərin indeksləşdirilməsi haqqında” qanun layihəsinin təkmilləşdirilmiş variantını təqdim etmək niyyətindəyik. Hesab edirəm ki, vəziyyəti analiz etmək və öz təklifimizi Parlamentə təqdim etmək üçün bizə bu vaxt lazım idi. Belə ki, bu qanun layihəsi olmadan sovet dövründən qalan əmanətləri qaytarmaq mümkün deyil”, - nazir deyib.

Onun sözlərinə görə, 2012-ci ildə qanun layihəsi qəbul edilərsə, gələn il üzrə dövlət büdcəsindən vəsaitlərin ayrılması üçün imkanlar var.

“Qanun layihəsinin hazırlanma prosesini sürətləndirmək üçün bu, yaxşı əsasdır”, - Şərifov bildirib.

Qanun layihəsinin əvvəlki variantına əsasən, əmanətlərin indeksləşdirilməsinin 8-10 il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu və alətlərdən biri kimi qiymətli kağızlar göstərilirdi.

“Qonşu ölkələrin təcrübəsi əmanətlərin bu cür indeksləşdirilməsinin səmərəsiz olduğunu göstərdi, belə ki, bu, pulların qiymətdən düşməsinə gətirib çıxarır”, - nazir qeyd edib.

Milli Məclisin spikeri Oqtay Əsədov nazirin mövcud məsələnin qisa müddətdə (1-2 il) həlli təklifini dəstəkləyib.