“Əmanətlərin Sığortalanması Fondu” “Elektron hökumət”ə inteqrasiya edildi

“Əmanətlərin Sığortalanması Fondu” “Elektron hökumət”ə inteqrasiya edildi
Oxunma sayı: 462

“Əmanətlərin Sığortalanması Fondu”nun təqdim etdiyi “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.

"Qafqazinfo" xəbər verir ki, əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən, onlayn olaraq  portal üzərindən  edə biləcəklər. Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə  qeydiyyatdan keçmək vacibdir.

Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edərək əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi hallarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi