Əmək yarmarkalarının 9 aylıq nəticəsi

emek-yarmarkalarinin-9-ayliq-neticesi
Oxunma sayı: 647

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təminatı istiqamətində həyata keçirilən aktiv məşğulluq tədbirləri uğurla davam etdirilir. ƏƏSMN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, oktyabrın 24-də Bakı şəhəri, Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən Əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında rayon üzrə14 müəssisə tərəfindən 178 boş (vakant) iş yeri, həmçinin kvota üzrə 3 vakant iş yeri təqdim edilib. Onlardan 28-i qulluqçu, 150-i fəhlə peşələri olub. Tədbirdə 15 nəfər iş axtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 12 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Qeyd edək ki, cari ilin 9 ayında Bakı şəhərinin 11 rayonu üzrə keçirilən ixtisaslaşdırılmış mini və səyyar əmək yarmarkalarında işsiz və iş axtaran vətəndaşlara ümumilikdə 415 müəssisə tərəfindən 5149 vakant iş yeri təqdim olunub. Həmin tədbirlərdə qeydiyyatdan keçmiş 4277 nəfər işsiz və işaxtaran vətəndaşlardan 2146 nəfər barəsində münasib iş yerlərinə göndəriş verilib, 227 nəfər peşə hazırlığı kurslarına, 1044 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.