Əmisinin evindən pul oğurlayanlar...

Əmisinin evindən pul oğurlayanlar...
Oxunma sayı: 69

Seymur Verdizadə

Valideynlərimin tələbəlik illəri ötən əsrin 70-ci illərinə təsadüf edib. Atam universitetdə oxuduğu 4 ilin yarısını Bakıda yaşayan əmisinin evində qalıb. İndi haqq dünyasında olan professor Allahverdi Verdizadənin Yasamaldakı üçotaqlı evində müxtəlif illərdə 15-ə yaxın tələbə yaşayıb. Rəhmətlik Əfruz nənə onlara öz doğma balası kimi baxıb, qayğılarına qalıb.

Anam isə tələbəlik illərini Sumqayıtda fəhlə işləyən əmisinin evində keçirib. Murad əminin balaca evi həmişə qonaqlı-qaralı olub. Dayılarım, xalalarım, başqa yaxın qohumlarım həmin ünvana tez-tez baş çəkiblər. Qayğıkeş Zümrüd xala onları heç vaxt öz övladlarından ayırmayıb. Onu da deyim ki, həmin vaxt təkcə mənim qohumlarım bu cür mehriban, istiqanlı olmayıblar. Həmkarım, dostum İlqar Əlfi danışır ki, onların birotaqlı evində bəzən 20 nəfər gecələyib. Rəhmətlik Əlfi Qasımovun Bakıda ticarətlə məşğul olan ağdamlı qohumlarının soğanla dolu kisələrinə də evdə yer tapılırmış. “Mən çox vaxt mətbəxdə stolun altında yatırdım” – hər dəfə söhbət düşəndə İlqar müəllim belə deyir.

Uşaq olanda biz də tez-tez Bakıya, Sumqayıta üz tuturduq. Şəhərdə yaşayan qohumlarımızla birlikdə dəniz sahilinə gedir, mavi sulara baş vuran qağayı dəstəsini maraqla seyr edirdik. Ya da Bakıda, Sumqayıtda yaşayan qohumlarım kəndə gəlir, yay tətilini bizimlə birlikdə keçirirdilər. Neçə əmimiz, dayımız, xalamız, bibimiz vardısa, o qədər də evimiz vardı.

Bəs, indi vəziyyət necədir? Neçə nəfər əmisinin, dayısının, xalasının, bibisinin qapısını ərklə aralayıb içəri keçə bilir? Bu sahədə vəziyyətin necə olduğunu siz məndən daha yaxşı bilirsiniz. Qardaş tanıyıram ki, illərdi qardaşının qapısını açmır. Bacı var ki, neçə vaxtdı öz doğma qardaşına qənim kəsilib. Əmiuşaqları, dayıuşaqları, xalauşaqları xeyirdə-şərdə qarşılaşanda bir-birilərini tanımırlar. Get-gəli olanlar, yaxınlıq edənlər isə heç də həmişə səmimi davranmırlar. Üç-dörd gün əvvəl xəbər portallarının birində oxudum ki, Biləsuvarda cavan bir oğlan əmisinin evindən külli miqdarda pul, qızıl-zinət əşyası oğurlayıb. Bu cür hadisələr mətbuatda arabir işıqlandırılsa da, həyatda tez-tez baş verir. Sadəcə olaraq, yazıq əmi-dayı utandığından açıb ağarda bilmir.

Sovet dövründə aylarla əmisinin, dayısının evində qalan, mənzildəki bahalı əşyalara, masanın üstündəki pula, qızıl-zinət əşyalarına gözünün ucu ilə də baxmayan yeniyetmələri kolxozçu atalar, sağıcı analar tərbiyə etmişdi. Bəs, biz müəllimlər, həkimlər, jurnalistlər, mühəndislər övladlarımıza niyə düzgün tərbiyə verə bilmirik? Əmisinin saatını, dayısının telefonunu oğurlayan, atasının cibindən pul çırpışdıran uşaqların sayı sürətlə artır. Bəlkə övladlarımız bizim səs oğrusu, vicdan oğrusu olduğumuzu bildikləri üçün telefon, saat, pul oğurlayırlar? Neçə vaxtdı bu suallar məni girinc edib. Yazmağa ağıllı söz, fikir tapa bilmirəm. Bildiyim bircə odur ki, 14 yaşlı uşaq əmisinin evindən pul oğurlamağa cəsarət edirsə, bu, təkcə onun deyil, həm də bizim günahımızdır. Cəzasını da gec-tez çəkəcəyik...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi