“Ən azı bu gün qadınlara toxunmayın...”

en-azi-bu-gun-qadinlara-toxunmayin
Oxunma sayı: 631

“Qafqazinfo” həmin yazını təqdim edir:

“Bu kiçik məqaləmlə sizə səslənirəm dostlar! Bu məqalədə toxunduğum bəzi məsələlərə, rəqəmlərə çox diqqətlə yanaşacağınıza, bu barədə çox ciddi düşünəcəyinizə inanıram. Və inanıram ki, sonda siz də mənim kimi səslənəcəksiniz. Gəlin hər günü Qadınlara qarşı zorakılıqla mübarizə günü elan edək! Öz düşüncələrimizdə, əməllərimizdə, ailələrimizdə, ətrafimizda ilk öncə...Oxuyun və paylaşın. Məncə görəcəyiniz bəzi rəqəmlər sizi də ciddi narahat edəcək!

Bu gün beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günüdür! – Və... məncə problem elə burdan başlayır... – Sadəcə bir gün deyil ilin 365 günü qadınlara qarşı zorakılıqla mübarizə günü olmalıdır, əslində...

Bəli, 365 gün...
“Cənnət anaların ayaqları altındadır” deyir toplumumuz.. O zaman düz ilin 365-günü qadınlara qarşı zorakılıqla mübarizə günü olmalıdır..!

Əziz dostlar! Bu rəqəmlər bizi ciddi narahat etməlidir. Bu hələ rəsmi məlumatlar əsasında ortaya çıxmış rəsmi göstəricilər, rəqəmlərdir...

Bu ilin cari ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınmış 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib. Onlardan 3-ü 18 yaşadək qızlar, 4 isə hamilə qadındır. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.
Bəli, dostlar! Bu rəqəmlər bizi ciddi narahat etməlidir!
Bir gündə 3 qadının qətlə yetirilməsi kimi faciəvi faktlar bizi ciddi narahat etməlidir...

Bir neçə gün əvvəl “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi bu ilin 11 ayı ərzində qətlə yetirilən qadınların statistikasını açıqlayıb. Bu ilin 11 ayı ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib. Qadınları qətlə yetirənlər əsasən onların həyat yoldaşları olub...

Dəhşətlidir elə deyilmi?..

***
Son zamanlar bəzi sözlər eşidirəm...

Bəziləri zarafatla, bəziləri tam ciddi şəkildə “Qənirə xanım yaman feministdir“, bütün günü qadın haqlarından danışır, deyirlər...

Bunu deyənlərə sadəcə bir söz söyləmək istəyirəm: əgər qadın haqlarını müdafiə etmək, qadına qarşı zorakılıqla mübarizəyə səsləmək feminizmdirsə, o zaman siz haqlısınız, - mən feministəm!.. Demək, o zaman sizin məntiqinizlə bunu edənlərin hamısı – qadınlı-kişili feministdirlər... Bunu söyləyənlərdən soruşmaq istəyirəm, sadəcə: Bəs, sən, necə? - qadınların haqlarının müdafiə olunmasını istəmirsənmi? Qadınların məruz qaldığı zorakılığa qarşı mübarizə olsun istəmirsənmi? Öz əməlində bunu etmirsənmi? Qadın zorakılığına qarşı mübarizəyə səsləmirsənmi insanları? Səsləyirsənsə, onda söylə sən kimsən? Etmirsənsə, onda bir düşün, bu halınla, mövqeyinlə sən kimsən?...
Bəli, dostlar!

Biz qadınlın məruz qaldığı zorakılığa qarşı hər gün mübarizə aparmalıyıq. Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir uşaqlarımız. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bunəcib işə - həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə... Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Əgər ailədə qadına qarşı zorakılıq varsa heç bir ana, qaynana, baldız, elti “nə olacaq, elə biz də belə gəlin olmuşuq” deyə əzilənə, döyülənə, incidilənə “ağıllı məsləhət”lər verməməlidir. Çünki bunun bir gün pis sonuclara gətirib çıxara biləcəyini düşünmək lazımdır...

İnsana, “zorakılığa döz” demək çıxış yolu deyil, axı. Yaranmış problemin həlli istiqamətində ilk öncə ailə üzvləri, qohumlar kömək etməyə çalışmalıdır. Heç birimiz əgər ətrafımızda qadına qarşı zorakılıq olduğunu görürüksə “mənə nə var, mən niyə qarışmalıyam?” deməməliyik. Özü kömək edə bilməsə, müvafiq qurum¬lara bu barədə xəbərlər verməlidir ən azı. Məktəblərdə müəllimlər, psixoloqlar diqqətli olmalıdırlar. Ailədaxili zorakılıq varsa, bu, məktəbə gələn uşağın müəyyən davranışlarında, fikirlərində hiss olunacaq, mütləq. O, ailəyə kömək üçün çalışıl¬malıdır. Uşaqların sağlam ruhda böyüməsi üçün... Bələdiyyələrimiz də daha həssas, daha ciddi çalışmalıdır. Bu cür ailələrə köməklə bərabər maarifləndirmə ciddi şəkildə artırılmalıdır.

Ailələrdən başlamalıyıq... Bağçalardan, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə...
Bələdiyyələrimizin fəaliyyəti artmalıdır bu istiqamətdə...
Qeyri-hökumət Təşkilatlarının özəlliklə bölgələrdə, kəndlərdə bu istiqamətdə çalışmaları artmalıdır.

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi bölgələrdə işi daha da gücləndirməlidir.

Millət vəkilləri öz bölgələrində bu mövzuya özəl diqqət ayırmalıdır.
İcra qurumları bu məsələyə neçənci dərəcəli iş kimi baxmamalıdır.
Bu sahəyə çox az önəm verən, bəzən isə hazırladıqları bəzi proqramlarla bu məsələdə müsbət deyil, mənfi rol oynaya bilən medimız bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalıdır...

Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik - əgər toplumumzda zorakılıqlar olmasını istəmirikcə...

Bir dəqiqəlik düşünün! Bütün günü atasının ondan fiziki zəif olan, iqtisadi asılı anasına təzyiq, əziyyət etdiyini, incitdiyini, döydüyünü görən və güclünün gücsüzə təzyiq etməsi, döyməsi, incitməsinin adi bir hal, normal bir hal olması psixo¬logiyası ilə böyüyən uşaq sabah hardasa bir görəv daşıyacaq, əlində yetki olan bir şəxs olacaq... Arxasını düşünmək istəmirəm... Amma təbii ki, ailədən güclünün gücsüzə təzyiq etməsini, əziyyət verməsini, incitməsini adi hal kimi qəbul edib böyüyən o uşaq gələcəkdə bir səlahiyyət sahibi olduğu zaman da başqalarına qarşı bu hərəkətləri adi hal kimi qəbul edəcək və vicdanı da ağrımadan onları törədəcək. Çünki bir vaxtlar atasının vicdanı ağrımadan bunları anasına qarşı etdiyini görərək böyümüşdü..

Gəlin uşaqları düşünək! Gəlin sabahı düşünək! Toplumumuzun, millətimizin sabahını! Elə bu gündən başlayaq... Sabaha saxlamayaq...

Bu gün qadınlara qarşı zorakılıqla mübarizə günüdür.
Ən azı bu gün hansısa qadına qarşı zorakılıq olması ilə bağlı xəbər görmək və oxumaq istəmirəm...
Ən azı bu gün onlara toxunmayın.
Ən azı ayağının altındakı cənnəti düşünün...
Ən azı bu gün bu barədə ciddi düşünün... Bəlkə də bugün bir başlanğıc oldu – dönüş günü oldu...