Ən böyük cinayəti törədən Adil Mirseyid...

Ən böyük cinayəti törədən Adil Mirseyid...
Oxunma sayı: 74

Yadigar Cəfərli

Bu dünyada bir Adil Mirseyid vardı. Həm gözəl şair idi, həm də parlaq rəssam.

İki-üç kəlməlik “Qar” şeirində qarın, bəyaz pendirin, qara çörəyin, bir də qırmızı çaxırın rəngi ilə insan depressiyasının rəsmini cızmağı bacarmışdı. 

Dünyadan köçənə qədər kirayələrdə yaşadı. 

90-cı illərin sonlarında bir gün “Şərq” qəzetinin redaksiyasında ondan müsahibə götürürdülər. Kənardan qulaq asırdım. Onda övladları hələ balaca olardı. Eşitdim deyir, oğlumun qarşısında dünyanın ən böyük cinayətini törətməkdəyəm. Çünki deyirdi, imkansızlıqdan kirayədə qaldığımız evləri tez-tez dəyişirik. Oğlumu hər dəfə yenicə isinişdiyi uşaqlıq dostlarından, xatirələrindən, körpəliyi ilə sarıldığı məkanlardan qoparıram. 

İndi onun övladlarına da dövlət ev verib. 

Jurnalistlər arasında ev bölgüsü ilə bağlı günlərdir gedən müzakirələri izləyirəm. Hər kəsin öz həqiqəti var, əlbəttə. Mənim üçün isə ən böyük həqiqət Adil Mirseyidin övladlarının dövlətin köməyi ilə kirayə sıxıntısından qurtulmasıdır. 

Arzu edək ki, bölgüdən narazı qalan jurnalistlərimizin də, kirayə dərdi çəkən hər kəsin də tezliklə öz evi olsun. 

Xoşagəlməz söz-söhbətlər işlərə kölgə salıb belə faydalı sosial layihələri əngəlləməsin. Və başqa evsiz jurnalistlərimiz də bu imkandan barına bilsinlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi