Ən böyük düşmən bayrağı

en-boyuk-dusmen-bayragi
Oxunma sayı: 1734

Raminə Eyvazqızı

22 il əvvəlin bu günü Bişkekdə düşmənlə aramızdakı güllə-boranı dayandırmaq haqqında sənəd imzalandı. O vaxt əvvəlcə parlamentin vitse-spikeri Afiəddin Cəlilov, sonra da spiker Rəsul Quliyev tərəfindən sənədə qol qoyulmamışdı. Daha doğrusu, protokolda mənafeyimizə uyğun olmayan bəndlər narahatlıq doğurmuşdu.

Tarixi qeydlərə görə, Rusiyalı təmsilçi V. Kazimirov xala-xətrin qalmasın deyə protokolun kserosurətini (orijinal sənəd yox!) yenidən Bakıya gətirib ki, imza qoyulsun. Səriştəli şəxs olan DQAİ-nin rəhbəri Nizami Bəhmənovun imza yeri boş qalan sənəd bugünədək heç bir işə yaramayıb da. 22 ildə nə atəş kəsilib, nə də hər hansı beynəlxalq sənədin üstünlüyü təsdiqini tapıb.

Rusiya bu gün necə başımızı qatıb, bizi yola veribsə o zaman da beləcə davranıb. Əbəs yerə V. Kazimirov müsahibəsində deməyib ki, Bişkek protokolu hüquqi sənəd olmadığından, hüquqi öhdəliklər də qoymur, bu sadəcə sülhə çağırış idi. Bu fikirlər Rusiyanın çirkin siyasətini və erməni havadarlığını o qədər aydın göstərir ki, siyasətçi olmağa ehtiyac yoxdur. 22 illik atəşi kəsilməyən münaqişədə ədalətsizliklərin ən mükəmməllərini gördük, dünyadan da, konfliktə don verənlərdən də.

Misal üçün, az əvvəl Avrovizyon yarışında da düşmən tələsinə şahidlik etdik. Yarışmada qadağan olunmuş davranışa görə, erməni Avropa Yayımlar Birliyi tərəfindən danlanıldı. Qondarma bayraqla guya bizə meydan oxuyan erməni nümayəndələrinin cavabını fərasətli jurnalistimiz verdi. Baxmayaraq ki, mübahisəli geyim-keçimdə peşəkar olan Səmramız ağzına su alıb oturmuşdu.

Xarici İşlər Nazirliyimizdən də qəribə açıqlama gəldi. “Araşdırma aparılır.” Erməninin planı hər yerdə işləkdir, onun xislətinə də bələdik, bunun nəyi araşdırılacaq? Həl halda erməni işini görəndə peşəkarcasına etməyi bacarır. Təşkilatçıların cəza, cərimə xəbərdarlığını eşidər-eşitməz, erməni təmsilçi “biz sülh istəyirik” deməklə vəziyyətdən çıxmağa çalışır. Amma bizim İsveçdəki səlahiyyətli səfirimiz Adis Məmmədovun heç olmazsa, bundan sonra səsi çıxsa, məsələnin ciddiyyətinə varsa, biz ermənini bu davranışına görə peşman edərik. Ən azı nüfuzlu Birliyin etirazını, yarışın şərtlərini dönə-dönə xatırladaraqla ermənidən kiçik revanşa nail olmaq mümkündür.

Amma bu “qisas” da erməni tərəfdən dəqiq gülüşlə qarşılanacaq. Bilirsiz niyə? Ən böyük saxta erməni bayrağı ABŞ-dadır. Vaşınqtonun göbəyində qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndəliyinin olduğunu eşitmişdim. Hörmətli jurnalistimiz Sevinc Osmanqızının həmin qondarma ofisin ünvanını qeyd etməsindən sonra şübhəm qalmadı. Əslində bu qeyri-adi hal deyil, çünki ABŞ-ın statlarının bir neçəsi erməni sevgilərini hər zaman dilə gətiriblər. Amma hegemon dövlətin paytaxtında saxta respublikanı təmsil etməyi yalnız erməni qədər güclü lobbisi olan bacarardı.

İndi neyləyək ki, bizim bəzi səfirlərimiz getdiyi ölkələrdə əvvəcə şəxsi mağazasını açmaq və onu tanıtmaqla məşğuldurlar. Bizimsə Bakıya gələn erməninin başına şillə vuran oğullarımız var. Erməni təpəsi yalnızca güllə istəyir, vəssəlam.