Ən yaxşı Naxçıvanda, ən pis Qarabağda...

en-yaxsi-naxcivanda-en-pis-qarabagda
Oxunma sayı: 636

“Qafqazinfo”nun APA-ECONOMICS-ə istinadən verdiyi məlumata görə, 2011-ci ilin dekabrın 1-ə ölkə üzrə problemli kreditlərin həcmi 636,677 mln. manat təşkil edib. Problemli kreditlərin 531,169 mln. manatı Bakı şəhəri, 105,509 mln. manatı regionların payına düşür. Kredit portfelinin həcmini nəzərə aldıqda, paytaxtda problemli kreditlərin payının 6,2%, regionlarda isə 8,4% təşkil etdiyini görürük.

Kreditlərin qaytarılmasında ən pis vəziyyət Yuxarı Qarabağ iqtisadi rayonunda yaranıb. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu iqtisadi rayonda verilən kreditlərin 14,2%-nin vaxtı keçib (1,517 mln. manat). Hərçənd, Yuxarı Qarabağ iqtisadi rayonuna verilən kreditlərin həcmi respublika üzrə ümumi kredit portfelinin cüzi hissəsini (cəmi 1,1%-ni) təşkil etdiyinə görə, bu göstərici respublika üzrə problemli kreditlərin həcminə ciddi təsir etmir.

Kreditlərin qaytarılması ilə bağlı ən yaxşı vəziyyət Naxçıvan Muxtar Respublikasında yaranıb. Belə ki, hesabat dövründə Naxçıvanda vaxtı keçmiş kreditlərin cəmi 820 min manat təşkil edib və bu, kredit portfelinin 1,2%-nə bərabər olub.