“Energetiklərin” əlimizdən aldığı enerji

energetiklerin-elimizden-aldigi-enerji
Oxunma sayı: 3973

Dünya Sakit

Son zamanlar xüsusilə isti havalarda şəhərdə gəzərkən kişilərin əllərində energetik içki butulkalarının olduğunu yəqin hamı görüb. Az qala hər iki kişidən biri onlardan istifadə edir.

Müşahidələr göstərir ki, bəzən gənc qızlarda da gördüyümüz bu içkilərə maraq getdikcə artır. Belə içkilərin reklamları da eyni qaydada çoxalmaqdadır. Hərə öz məhsulunun üstünlüklərini tərifləyir. İnsanlar da bu təriflərə aludə olaraq o içkiləri alır. Ay nə bilim sonsuz güc, enerji mənbəyidir, insanı ruhlandırır, qanadlandırır-filan. Lakin o içkilərdən istifadə edənlərin çoxu içdiyinin tərkibindən, orqanizmə təsirlərindən xəbərsizdir.

Məsələ burasındadır ki, istehsalçılar alıcıları energetik içkilərin təsirinin adi çayın təsirindən güclü olmadığına inandırmağa çalışırlar. Reallıqda isə belə deyil. Getdikcə daha çox əmin olunur ki, bu içkilər orqanizmin gücünü reklam edildiyi kimi, artırmır, əksinə, getdikcə azaldır. Bu, energetik içkilərin tərkibindəki maddələrdən irəli gəlir.

Qeyd edim ki, ilk energetik içki 1938-ci ildə idmançılar üçün yaradılıb. Stimullaşdırıcı kimi yaradılan “Lukozade” adlı içki yüzlərlə insanın zəhərlənməsinə səbəb olduğu üçün qısa müddətdən sonra istehsalı dayandırılıb. Sonrakı 5-6 onillik ərzində heç kim bu sahəyə maraq göstərməyib. Ta ki 1994-cü ildə “RedBull” yaradılanadək. Bu içkinin qısa müddətdə populyarlaşması başqalarının da bu bazara marağının artmasına gətirib çıxarıb. Hazırda çoxlu sayda energetik içki istehsal olunur. Hansı ki, onların tərkibi demək olar ki, yalnız oraya qatılan aromatizator və dad gücləndiricilərə görə fərqlənir.

Nədir insanları belə özünə cəlb edən işkilərin tərkibi?

- Kofein və quarana. Quarananın tərkibindəki kofein adi kofedəkindən 4 dəfə güclü olur.

Taurin - aminturşusu. Ürək əzələsinin hərəkətini stimullaşdırır.

Karnitin - yorğunluğu azaldır, orqanizmin dözümlülüyünü artırır.

Dərman bitkisi  Əsasən jenşen. Qaraciyəri təmizləyir, yorğunluğu azaldır.

B vitaminləri - Mərkəzi sinir sistemini və baş beyini aktivləşdirir.

Melatonin - Orqanizmin bioritmini tənzimləyir.

Matein - Aclıq hissini aradan qaldırır, arıqlamağa kömək edir.

Kənardan baxdıqda, bu maddələrin heç biri orqanizmə zərərli deyil, hər birinin öz müsbət təsirləri var. Lakin məsələ burasındadır ki, onların birlikdə olduğu içkilərin gündəlik qəbulu orqanizmin enerji ehtiyatlarını stimullaşdırmaqla tükənmə həddinə çatdırır. Eyni zamanda kofeinin yüksək dozası aludəçilik yaradır, insan bu içkilərdən asılı vəziyyətə düşür.

Bu günlərdə evimizdə işləyən gənc ustalara çay təklif etdik, amma onlar energetik içki alıb gətirdiklərini bildirərək imtina etdilər. Aralarında olan ən gənc usta isə energetik içkidən canını qurtara bilməməsindən gileyləndi: “Vallah, on il siqaret çəkmişəm, onu çox rahatlıqla tərgidə bildim. Bu içki nədirsə, onu tərgidə bilmirəm. Hansı gün azı 2-3 banka içməsəm, qolumu qaldırıb iş görə bilmirəm. Yorğunluqdan bütün günü yatıram...”

Elə həmin ustaların dediklərindən aydın oldu ki, tanıdıqları neçə nəfər içkini, siqareti tərgidib bu içkilərə aludə olublar.

Energetik içkilərin heç də reklam olunduğu formada yararlı olmadığını onların istehsalçıları da yaxşı bilirlər. Ona görə də məhsulun üzərinə yaşlı, təzyiqi, şəkəri, ürək xəstəliyi, mərkəzi sinir sistemində, əsəblərində problemləri olanların, hamilə, süd verən qadınların içməsinin “məsləhət görülmədiyi” yazılır. Xüsusilə mərkəzi sinir sistemində, əsəblərində problemi olanların energetik içkilərdən istifadəsi tam əks göstəriş sayılır.

Düzdür, bu içkilər qəti qadağan ediləcək məhsullardan da deyil. Lakin onların ifrat istifadəsi orqanizm üçün ciddi problemlər yaradır. Bu üzdən də enerji ehtiyatlarınızı vaxtından əvvəl tükədib özünüzü belə içkilərdən asılı vəziyyətə salmamaq istəyən kəslər gündə 1-2 butulka ilə kifayətlənməlidilər...