“ENES.F” prodakşn “Zirvə” adlı layihəyə imza atıb

enesf-prodaksn-zirve-adli-layiheye-imza-atib-
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, “ENES.F” prodakşn bununla bağlı “Ramada” oteldə mətbuat konfransı keçirib. Konfransda prodakşının rəhbəri Sevinc Səfərova bildirib ki, Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı keçirilən "Zirvə" adlı konsert proqramından əldə olunan gəlir Xəzər rayonunda yerləşən, əqli cəhətdən qüsurlu uşaqların 3 saylı internatına təqdim olunacaq. Onlar konsertə qədər adıçəkilən təhsil ocağında olub və uşaqlarla görüşüblər, problemlərlə maraqlanıblar. 3 saylı uşaq evinin sakinləri Sevinc Səfərovadan müasir texniki avadanlıqlar, musiqi mərkəzi və digər texniki avadanlıqlar gətirməyi xahiş ediblər. İyunun 1-də "Bay İstanbul Palace"də keçirilən "Zirvə" adlı konsertdə Azərbaycanın ən tanınmış sənətçiləri xalq artisti Flora Kərimova, müğənnilərdən Elnur, Ayaz Qasımov, Cəmilə və digərləri çıxış edəcəklər. Konsertin aparıcılıq missiyası Azərbaycanın xalq artisti Firəngiz Mütəllimovanın üzərinə düşüb.

Mətbuat konfransında iştirak edən prodakşının prodüseri Hamlet Cahangirov isə deyib ki, bu layihənin həyata keçirilməsi üçün bir çox müğənnilərə müraciət olunsa da, bəzi tanınmış sənətçilərimiz uşaqların beynəlxalq müdafiə günündə keçirilən xeyriyyə tədbirində çıxış etmək üçün qonorar tələb ediblər: “Uşaqları müdafiə etmək, onların qayğısına qalmaq hər bir vətəndaşın borcudur. 1 iyun Uşaqların Müdafiə Günü və Heydər Əliyevin xatirəsinə həsr olunan “Zirvə” konsertində əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatın sakinləri də çıxış edəcək. Onlar həm konsertə baxacaqlar, həm də onlar üçün xüsusi yemək masası hazırlanacaq. “Zirvə” layihəsinin həyata keçirilməsində TİVİ MMC, “Bay İstanbul Palace”, “ENES.F prodakşn”, “Qreys Beatyful” kompleks maddi dəstəyini əsirgəməyib”.

Tədbirdə prodakşının bəstəkarı Tərlan Duan da iştirak edib. Mərasimə xüsusi bir musiqi payı hazırlanıb. Gecədə eyni zamanda “ENES.F prodakşn”ın nəzdində fəaliyyət göstərən “Xəzər” vokal instrumental ansamblı da çıxış edəcək. Mətbuat konfransında da ansamblın nümayəndəsi Bəxtiyar Kərimov da media nümayəndələrinin qarşısında canlı ifa nümayiş etdirib.

Nigar Məmmədli