“Ər ağacı, gül ağacı, əsirgəmə vur ağacı”

er-agaci-gul-agaci-esirgeme-vur-agaci
Oxunma sayı: 658

Tədbir “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət QHT Koalisiyası tərəfindən təşkil olunub.

Tədbirin moderatoru Arzu Səfərova tədbirin məqsədini qadınların zorakılığa məruz qalmasına diqqəti çəkmək, bu cür halların aradan qaldırılmasına töhvə vermək olduğunu deyib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə son illər cəmiyyətdə qadınlara qarşı baş verən zorakılıqlardan bəhs edərək, konkret statistik rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, 2011-ci ildə 1782 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub: “Bu hadisələrin 10,5 faizi əvvəllər cinayət törədən şəxslər, 10,2 faizi isə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 74,3 faizi döymə, 20,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərərvurma, 1,7 faizi qəsdən adam öldürmə, 3,5 faizi isə digər cinayətlərdir”.

M.Zeynalova 2012-ci ilin 6 ayı ərzində baş verən məişət zorakılığı ilə bağlı qeydə alınan cinayət hadisələrindən də danışıb. 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onlardan üçü 18 yaşadək qızlar, dördü hamilə qadın olub. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törədən şəxslər tərəfindən, 11,3 faizi isə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.

Tədbirdə köhnə adətlərin qadına qarşı zorakılığa mənfi təsiri də qeyd edilib. Belə ki, “Yaxşı at özünə qamçı vurdurmaz”, “Ər ağacı, gül ağacı, əsirgəmə vur ağacı”,“40 toyuğun ağlı bir qadının ağlı qədərdir”, “Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya zurnaçıya”, “Duvaqla girib kəfənlə çıxmalısan”, “Qız acı, oğul baş tacı”, “Qızın ki oldu, canına qızdırma doldu”, “Oğul olan, qız talan” deyimlərinin qadına qarşı zorakılığa bəraət qazandırması qınanılıb.

Tədbirin keçirildiyi zalda “Qanlı baltalar” adlı flaşmob keçirilib. Aksiyada əlində qanlı balta tutan gənc oğlanlar gənc xanımlara zərbələr endiriblər. Bununla da təşkilatçılar bir daha qadınların zorakılığa məruz qalması və qətlə yetirilməsinə ictimai diqqəti cəlb ediblər.

Tədbirin sonunda qadınlara qarşı zorakılığa öz səsini qaldıran əks cinsin nümayəndələri “Ağ lent” Diplomu ilə təltif edilib.