Ər arvadı saxlamayanda...

er-arvadi-saxlamayanda
Oxunma sayı: 4867

Xuraman Hüseynzadə

“Evinin həm kişisidi, həm də qadını”- bu sözləri son vaxtlar tez-tez eşidirəm. Adətən, zəhmətkeş dul qadınlara deyilən bu sözü indi yanında yekəpər, yeyib-yatmaqdan qarnı piy bağlamış əri olan Aypara kimi qadınlara da deyirlər.

Deyir, Tanrı mənim alnıma sanki bu sözləri hökm kimi yazıb: “Səni görüm, özün qazanıb, özün yeyəsən. Kişi qazancı üzünə həsrət qalasan.”

Uşaq vaxtı atasını itirib. Ağlı kəsəndən anası ilə ağır zəhmətlərə qatlaşaraq dolanıblar. Sonra ailə qurub. Elə bilib dünyanın bəxtəvəri olacaq -ər qazancı yeyəcək. Həyat burda da üz-gözünü turşudub binəvaya...

Onu mebel salonunda gördüm. Ucuz divan axtarırdı. Satıcının göstərdiklərini bəyənməyib dedi: “Ömür boyu əzab içində yaşamışam, zülm çəkmişəm. Mənə eləsini göstər ki, ayaqlarımı rahat uzadım. İllərin yorğunluğu çıxsın canımdan.”

Qadın, ona göstərilən divanda oturdu. Sağ dizini ovuşdura-ovuşdura gileyləndi : “Oy, ay yorğun ayaqlarım, o dünyada sizə nə cavab verəcəm?” Ağrısından gileylənən bu xanımın dərdini iliyimə qədər hiss elədim. Elə oldu ki, eyni anda çıxdıq mebel salonundan. Tanımadığı adamların yanında adamı dilə gətirən dərddən başqa nə ola bilər?

Dayanacağa qədər o danışdı, mən qulaq asdım. Aypara adlı bu xanım ərə gələndən bazarlarda mer-meyvə satıb fərsiz ərini yemləyir. Yayın qızmarında, qışın şaxtasında piştaxta arxasında meyvə satmağın əzabından danışdı yol boyu: “Qadın, əzizlənmək üçün yaradılıb, əzab çəkmək üçün yox. Qadının əlləri manikür, ayaqları pedikür görməlidi, qabar yox. Ruhu dinclik tapmalıdı qadının. Əri ilə bazarlığa gələn bəzək-düzəkli xanımlar görəndə əsla həsəd aparmıram, əksinə, sevinirəm ki, nə yaxşı məndən azdı. Yoxsa yer kürəsi zərif məxluqların çiyinləri üstündə dayanmağa tab gətirməzdi...”

Nədənsə Corc Oruellin “1984” romanında həmişə kombinezon geyən Culiyanın Uinstonla tanışlıqdan sonra dəyişməsi yadıma düşdü. Culiya bəzənib-düzənir. Ətir vurur. Ənlik-kirşan çəkir. İpək corab, hündürdaban ayaqqabılar geyinmək istəyir. Culiya qadınlığını artıq dərk etdiyini deyir: “Bu otaqda Partiya yoldaşı yox, qadın olmaq istəyirəm!”.

Ardınca o məşhur atalar sözünü xatırladım: “Arvadı əri saxlar, pendiri dəri”.