Ər arvadına yaxınlaşanda: “Xeyir ola?”

er-arvadina-yaxinlasanda-xeyir-ola
Oxunma sayı: 916

Azər Qismət

Bizim atalar sözləri və məsəllərimiz də evimizi yıxır. “Məndən ötdü, qardaşıma dəydi”, “Ağrımayan başına dəsmal bağlama” tipli ifadələr xalqımızı laqeyd və biganəyə çevirib. Bir ifadə də var ki, o, bizim nəinki evimizi yıxır, həm də süpürüb uzaqlara tullayır, ömrümüzü taleyin ümidinə buraxır. Həmin ifadənin adı belədir: “Xeyir ola?”.

Bu ifadə işdə, evdə, cəmiyyətdə, tualetdə, başımız girən hər yerdə işlənir. Onun elə bir sehrli qüvvəsi var ki, adamı özündən çıxara, güldürə və passiv həyata qovuşdura bilər. O, hər yerdədir və onunla heç kim rəqabət apara bilmir. Regionun istənilən yerində bu sözün işlənməsi nəinki insanı, ölkəni də inkişafdan dayandırır. 

Jurnalist şəhid ailəsinə kömək etməyi qərara alıb. İstəyib ki, cəbhədə düşmənlə üz-üzə qalmasa da heç olmasa bir məqalə ilə Vətən üçün nəsə etsin. Həmin şəhid ailəsinin evi olmayıb, istəyib ki, məsələni yerli orqanların qarşısında qaldırsın. Məqaləni hazırlayaraq baş redaktora yaxınlaşıb. Baş redaktor oxuyaraq xəfif şəkildə gülümsəyib: “Xeyir ola?”. Gənc jurnalist əvvəl anlamayıb:

- İstəyirəm ki, bu ailəyə kömək edim. Ailə başçısı Vətən uğrunda döyüşlərdə həlak olub. Bu, bizim mənəvi borcumuzdur”, – deyə hayqırıb, gözləri irilənib, köksündə Misri qılıncın qığılcımı közərib. Baş redaktor yenə xəfifcə gülüməsyib:

- Başa düşdüm e, şəhid ailəsinə kömək etmək istəyirsən. Soruşuram ki, xeyir ola? 

Gənc jurnalist bu eyhamı anlamayıb. Gözünü döyərək deyib:

- Vallah, sizi anlamadım. Məqsədim ailəyə kömək etməkdir.

- Vəssalam?

-Vəssalam. Bu da Allah rizası üçün görülən işdir. Heç olmasa bir məqalə ilə kömək edək.

- A kişi, başa düşdüm e. Deyirəm xeyir ola? Yəni bir şey olacaq?

- Əlbəttə, xeyri olacaq.

Bu yerdə baş redaktorun gözü işıqlanıb:

- Aha... Aha... Nə xeyir olacaq?

- Savab qazanacağıq, həm də sayt özünün nüfuzunu qaldıracaq.

Bu yerdəb redaktorun üzü gilasdan da turşumuş hala gəlib:

- İndi deyim sənin fikrin nədir? Sən savab qazanmaq üçün bunu etmirsən. Məsələni yerli qurumlar qarşısında qaldırıb icradan nəsə qoparmaq istəyirsən. Niyyətin bir güllə ilə iki dovşan vurmaqdır. Bala, sən duza gedəndə, mən duzdan qayıdırdım. 

- Vallah...

- Vallahı-zadı yoxdur. Sən sualıma doğru cavab versəydin, bilərdim ki, əməkdaşımın xeyri olacaq, qoy getsin çörəyini qazansın. Sənsə “xeyir ola?” sualıma düzgün cavab vermədin.

Bununla da gənc jurnalist o yazını hazırlamayıb.

Birinə xoş üz göstərirsən əvəzində qayıdır ki, “xeyir ola, işin düşüb mənə?”. Heç dəxli var?! Tualetdə sabunun yerini soruşursan, gombul arvad deyir ki, “xeyir ola?”. A balam, sabunun yerini soruşuram da. Deyirsən ki, “mən də gedib Qarabağda vuruşacağam”. Ətrafdan tökülürlər üstünə ki, “xeyir ola?”. Vətən deyib hayqırısan, arxanca eşidilir ki, “bunun xeyri olmasa, Vətən deməz, indi hansı zəmanədir”. Ər arvadına yaxınlaşır, arvad qayıdıb deyir ki, “xeyir ola?”. Yazıq ər udqunub deyir ki, “ərlik borcumu yerinə yetirməyə gəlmişəm”. Arvad da qayıdır ki, “nəsə yaman gülürsən e, deyəsən nəsə var, xeyir ola?”. Təşəbbüs irəli sürürsən, gözlərdən oxunur ki, “xeyir ola?”. Susub danışmırsan, pıçıldayırlar ki, “xeyir ola, bu niyə dinib-danışmır?”.

Bu ifadə kal armud olub keçib boğazımıza. Heç nə edə bilmirsən. Gərək mütləq inandırasan ki, başqa gizli məramın yoxdur. Bunu izah etməyə də günlər-aylar gedir. Bir də ayılırsan ki, həyatda heç nə etməmisən. Nəyi tapşırıblar onu görmüsən, hara göndəriblər ora getmisən. Və bütün təşəbbüslərin, ideyaların daxilində əriyib gedir. İştə həyatımız bu.