Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı

erdogan-526-faiz-ses-toplayib
Oxunma sayı: 3083

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən məlumat verib. ASK-nin sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-ünü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, Cümhur İttifaqında birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.