“Ərdoğan MHP-yə minnət qoya bilməyəcək” - Müsahibə

erdogan-mhp-ye-minnet-qoya-bilmeyecek
Oxunma sayı: 2516

Türkiyə seçkilərini yaxından izləyən hüquqşünas Ələsgər Məmmədli seçkilərin nəticələrindən danışıb. O, bununla bağlı  “Qafqazinfo” ya müsahibə verib. 

- Türkiyədə parlament seçkilərində indiki əldə olunan nəticələrlə yeni idarəetmə sistemi necə olacaq? 

- Bu seçkilər ilk dəfə olaraq başqanlıq seçiminə keçidlə bağlı çox önəmli idi. Əgər AKP 50 faizdən çox millət vəkilliyi yerini götürsəydi, o zaman Ərdoğanın avtoritar idarəetmə meyilləri yaranacaqdı. Amma indiki halda MHP-nin ciddi bir tənzimləyici rol oynayacağı aydındır. Ərdoğan hər istədiyini etmək üçün mütləq MHP ilə razılaşmalıdır. MHP-nin də faktiki olaraq tənzimləyici bir partiya olduğunu və hər şeyə “hə” deməyəcəyini düşündükdə avtoritar meyillər mümkün qədər azalacaq. Amma xarici siyasətdə böyük ehtimallla Türkiyənin indiki siyasəti davam edəcək. 

- CHP-nin namizədi Məhərrəm İncənin indiki əldə etdiyi nəticədən sonra Kamal Kılıçdaroğlunun istefası gözlənilirmi? 

- CHP-nin ənənəvi səslərindən 3 faiz azalma var.  Buna baxmayaraq, İncə partiyasından 8 faiz artıq səs toplayıb.  Əlbəttə, bu nəticədən sonra zəif partiya və güclü lider məsələsi gündəmə gətiriləcək və ciddi müzakirələr başlayacaq. Bir tərəfdən bu reallıqdır ki, İncə və ona yaxın 20 millət vəkilinin adını Kılıçdaroğlu bu seçkilərdə siyahıya salmadı.  İncə də seçilmədiyi üçün təxminən  CHP-nin dünənə qədər millət vəkili olan 20-dən çox siyasətçisi kənarda qaldı. Bu, əlbəttə ki, partiyada bir narazılıq yaradacaq. Partiyanın tabanı faktiki olaraq İncəyə səs verib.  Bu  taban artıq İncənin liderliyini qəbul edib deməkdir.  Kılıçdaroğlu rəhbərliyə qurultay nümayəndələri tərəfindən seçildiyi üçün həmin nümayəndələr Kılıçdaroğluna yaxın adamlardır. İncə iki dəfə o nümayəndələri keçə bilməyib.  İndiki halda düşünürəm ki, bu ciddi müzakirə predmeti olacaq.  

Kılıçdaroğlu yəqin ki, özü çəkilərək İncəyə yerini verəcək.  Belə olmadığı halda İncə CHP-dən qopacaq adamları  öz yanına toplayıb yeni bir partiya yaradacaq.  Bu CHP-nin indiki vəziyyətdə daha da itirməsinə səbəb olacaq. 

- Məhərrəm İncənin indiki saatlara qədər ortada olmaması ilə bağlı müxətlif versiyalar səslənir. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bunlar spekulyativ məqamlardır.  Sosial şəbəkədə çox sürətlə dalğalanan feyk xəbərlərə inanmağı çox da tövsiyə etmirəm.  İncə dünən saat beşdə öz mövqeyini bildirdi. O dedi ki, Yüksək Seçki Qurumunun qərarına qədər nəticələri qəbul etməyəcək.  Ona yaxın jurnalistlərə mesaj ataraq yazmışdı ki, Ərdoğan qazanıb. Ancaq seçki kampaniyasının ədalətli olmadığını demişdi. Ümumi olaraq isə seçkinin nəticələrini Ərdoğann qazandığını qəbul edib. Bu,  təbii ki, ciddi iddialı bir liderin məğlubiyyəti qəbul etməyəcəyinin psixoloji basqısıdır. Yəqin ki, bu gün mətbuat konfransı keçirəcək. 

- Seçkilərdə saxtakarlıq məsələsinin olub- olmaması ilə bağlı nələri müşahidə etdiniz?

- Sözsüz ki, söhbət 190 min seçki məntəqəsindən gedirsə, orada kimlərsə nəsə etmək istəyəcək.  Ancaq oranın strukturu elədir ki, hər partiyadan bir namizəd seçki məntəqəsindədir.  Belə olan halda, hamının birgə razılığı ilə ancaq nəsə ola bilər.  6 tərəf varsa, bu da 6 fərqli rəy deməkdir.  Tək istisna hallar zaman-zaman Güneydoğuda baş verir. Şanlıurfada da bu cəhdlər olmuşdu. Şanlıurfada seçkidə birinci yer HDP-nindir.  Mümkün deyil ki, hökumət orda nəyəsə cəhd etsin.  Güneydoğuda bələdiyyələrin rol oynadığı yerdə silahlıların hədələri də olur. O tip yerlərdə seçkinin nəticələrinə qismən təsirlər olur. Amma Türkiyənin digər yerlərində həqiqətən seçkiyə inam çox böyükdür. Hiss olunur ki, hər kəs  nəticələrin sonunu gözləyir və ona uyğun davranır. 

- HDP-nin topladığı səs faizləri gözlənilən idimi?

- Bu bir reallıqdır ki, Türkiyə əhalisinin təxminən 6 milyona yaxını kürddür.  Kürd seçicilər öz səslərini siyasi tərəflərindən asılı olmayaraq öz namizədlərinə verirlər. Buna marjinal da deyə bilərik. Yəni, 10 faizlik  proses neçə illərdir ki, var.  İndiki halda bunu müşahidə etdik. Dəmirtaşa səs verməyən 3 faiz kürd səsini İncəyə verdi.  Amma 11 faizlik nəticə HDP-nindir.  HDP-yə səsin çox getməsinin səbəbi də CHP-nin  dəstəyidir ki, AKP baryeri keçməsin.  Çünki CHP rəhbərliyi çıxışında demişdi ki,  HDP baryeri hökmən keçməlidir.  Yoxsa  AKP 400 millət vəkilini parlamentə çıxara bilərdi.  Ona görə CHP tərəfdarı olanlar İncəyə səs verməklə eyni zamanda HDP-yə də səs verib. Ona görə İncənin səsləri CHP-dən yüksək, Dəmirtaşın səsləri HDP-dən azdır. Bu reallıqdır. 

- İYİ partiyanın seçimlərdə qazandığı nəticələr gözlənildiyi qədər ürəkaçan olmadı...

- CHP İncə yox, başqa namizəd üzərində dursaydı, böyük ehtimalla İyi Partiya  öndə olardı.  İncə ciddi iddialı siyasətçidir.  Türk siyasət dilini də yaxşı  bilir.  Ona görə Maral Akşənər İncənin kölgəsində qaldı.  Əlbəttə ki, 10 faiz az nəticə deyil. Akşənər yeni partiya  üçün seçkidə 10 faiz səs alması onu göstərir ki, ciddi bir potensial var ki, onlar mövcud siyasətdən razı deyillər və alternativ axtarırlar. Ancaq hiss olunur ki, onun liderliyinə elə də böyük rəğbət yoxdur. Mən düşünürəm ki, ona verilən 4-5 faiz səs MHP-dən gəlib.  Qalan hissə isə AKP-dən getmiş səslərdir. Çox az səs də CHP-dən getmiş ola bilər.  Çünki solçular adətən sağa səs vermirlər.  Belə olan halda, Akşənərin bundan sonra Türkiyə siyasətində ciddi rol oynayacağını inanmıram. 

AKP-nin səsi olduğu kimi Ərdoğan gedib. Amma bundan  əlavə, Ərdoğanın 10 faizdən artıq səsi MHP-dən gedib. Amma düşünürəm ki, bu seçkinin qalibi həm də MHP-dir. Çünki o açar rolunu oynadı. Ərdoğan artıq iddia edə bilməyəcək ki, MHP-siz 50 faizdən yuxarı səs alıb. Ərdoğan həm də MHP-yə baryerə ilişməsi ilə bağlı minnət qoya bilməyəcək. Çünki normal şərtlərdə MHP baryeri keçib. Üçüncü önəmli məqam odur ki, 290 millət vəkili ilə hətta parlamentar sistem olsa belə hökumət qurula bilməyəcəkdi.   Deməli, artıq uzlaşmasız siyasət qaçınılmazdır.  Sadəcə, türk seçicisi çox ağıllı bir seçim edib.  Hər kəsə bir yer göstərib.  Hər kəsə qismən kredit verib ki, bu krediti düzgün istifadə et.  Belə baxanda, Türkiyədə demokratiya qazanıb.

Günel Türksoy