Ərdoğanın çağırışı Avstriyanı narahat etdi

erdoganin-cagirisi-avstriyani-narahat-etdi
Oxunma sayı: 703

Avstriya daxili işlər naziri Sebastyan Kurts Türkiyənin ölkənin daxili işlərinə qarışmasına dözməyəcəyini bəyan edib.

“Qafqazinfo” “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, o, bu barədə “Welt” qəzetinə müsahibəsində bildirib.

Kurts deyib ki, Türkiyə prezidenti Ərdoğan təkcə Almaniyanın deyil, digər ölkələrin də daxili işlərinə qarışır:

“Türkiyə xüsusən də Avstriya və Almaniyadakı türk mənşəli vətəndaşlardan istifadə etməyə, Türkiyədəki münaqişələri qütbləşdirməyə və Avropa İttifaqına ötürməyə çalışır”.

Nazir Türkiyə prezidentinə xəbərdarlıq da edib:

“Ərdoğan və ya onun nazirləri Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədilərsə, mən indidən deyirəm ki, biz belə bir müdaxiləyə səbr nümayiş etdirməyəcəyik”.

Xatırladaq edək ki, Ərdoğan etnik türklərə müraciət edərək Almaniya kansleri Angela Merkelin partiyasına və digər “düşmənlərə” səs verməməyə çağırıb. Buna səbəb isə həmin partiyaların seçki kampaniyasında Ərdoğanın və Türkiyənin əleyhinə şüarlardan istifadə etməsi olub.

Qeyd edək ki, Almaniya bundestaqına seçkilər sentyabrın 24-də, Avstriya parlamentinə seçkilər oktyabrın 15-də keçiriləcək.