“Ərəb baharı” Küveytə çatdı?

ereb-bahari-kuveyte-catdi-
Oxunma sayı: 641

CNN telekanalının yaydığı kadrlara görə, nümayişçilər baş nazirin evinin qarşısında etiraz aksiyası keçirdikdən sonra parlament binasına yürüş edib və içəri daxil olublar.

Bildirilir ki, yüzlərlə nümayişçi baş nazir, Küveyt əmirinin qohumu Naser əl-Məhəmməd əs-Sabahın evinə hücum edib, lakin polis onların evə daxil olmasına imkan verməyib. Nümayişçilərə qarşı dəyənəklərdən istifadə olunub. Bir neçə nəfər yaralanıb. Daha sonra baş nazirin evinə hücum edənlər parlament binası qarşısında aksiya keçirənlərə qoşulublar və binanı ələ keçiriblər. Etirazçılar parlamentdə ölkənin himnini oxuduqdan sonra oranı tərk ediblər. Binanın qarşısına təcili yardım maşınlarının toplaşdığı görünüb.
Etirazlara Küveyt parlamentinin müxalifətçi deputatlarının başçılıq etdiyi bildirilir. Onlar 71 yaşlı baş nazirin istefa verməsini və ölkədə islahatlar həyata keçirilməsini tələb edir. Küveyt əmiri şeyx Sabah əl-Əhməd əs-Sabah etirazlara baxmayaraq, qohumunu baş nazir vəzifəsindən uzaqlaşdırmır. Küveytdə ilk dəfədir ki, parlament binasına bu cür hücum olur. Bununla belə, qeyd edilir ki, bu ölkədə baş verənlər Tunis, Misir, Liviya və digər ərəb ölkələrində baş verənlərə bənzəmir.
Bu ilin fevralında ərəb ölkələrində etirazlar qızışanda Küveyt əmiri ölkənin hər bir vətəndaşına büdcədən 10 min dollar ayrılması haqda qərar verib. Küveyt ən varlı və əhalisi rifah içərisində yaşayan ölkələrdən biridir. Ölkədə işləyən vətəndaşların 80 faizi dövlət strukturlarında çalışır, onların aylıq maaşı 4-5 min dollardan az deyil. Buna baxmayaraq, əmir maaşların iki dəfə artırılması haqda fərman verib. Həmçinin ölkə başçısı əhaliyə 14 ay ərzində pulsuz ərzaq paylanmasını tapşırıb. Buna baxmayaraq, Küveytdə də islahatlar tələbi ilə etirazlar baş qaldırır.