Ərəbi inək kimi sağanda...

erebi-inek-kimi-saganda
Oxunma sayı: 663

Seymur Verdizadə

Şəkidə dincəldiyimiz istirahət mərkəzinin sahibi çoxillik tanışlarımdan olduğu üçün səmimi danışırdı: “Omandan beş-altı qonağımız vardı. Üç gün burda qaldılar. Onlar gedəndən sonra zibil yeşiyinə üç odeyal, dörd mələfə atdıq. Allah kəssin ərəblərdən gələn xeyiri!”

Son vaxtlar hamı ərəblərin əleyhinə danışdığı üçün “xor”a qoşulmaq istəmədim: “Hər yerin yaxşısı da var, pisi də. Görünür, sizin qabağınıza pislər çıxıb”.

Sözlərim onun xoşuna gəlmədiyi üçün qaş-qabağını salladı: “Bura əvvəllər də ərəblər gəlib. Amma qabağımıza hələ yaxşısı çıxmayıb”.

Jurnalist marağı güc gəldiyi üçün soruşdum: “Axı ərəblər sizə nə pislik ediblər? Bəlkə pulunuzu kəsiblər? Yoxsa, yeyib-içib aradan çıxıblar?”

Adam narazı halda başını yellədi: “Biz otelin pulunu əvvəlcədən alırıq. Həm də artıqlaması ilə. Söhbət puldan getmir. Çox pintidirlər. Heç bir xadimə onların qaldığı oteli təmizləmək istəmir”.

Bu barədə məlumatım az olduğu üçün mübahisə etmək istəmədim. Həmsöhbətim isə əlavə arqumentlər gətirməklə mövqeyini gücləndirməyə çalışırdı: “Bəlkə də inanmayacaqsınız. Müdafiə etdiyiniz həmin ərəblər dünən gecə çarpayıda, ağ mələfənin üstündə qarpız kəsiblər. Sonra da qarpızın suyunu əlləri ilə təmizləyib, orda yatıblar”.

Araya sükut çokdü. Tanışım qarşısındakı çaydan bir qurtum içib, söhbətinə qaldığı yerdən davam elədi: “Ərəblər gələndə Qəbələdə bütün otellərdə “Tefal” çayniklərini yığışdırırlar. Onlar həmin çayniklərdə yumurta qaynatdıqları üçün beş-altı ay qoxusu getmir”.

Ərəb turistlərin ağ mələfənin üstündə qarpız kəsdiklərini, “Tefal” çayniklərdə yumurta bişirdiklərini öz gözlərimlə görməsəm də, həmsöhbətimə inanmaqdan başqa çarəm yox idi. Çünki tanıdığım 15 il ərzində onun bircə dəfə də yalan danışdığının şahid olmamışam...

Bu söhbətdən iki gün sonra İsmayıllı-Qəbələ yolunda bir dəstə ərəblə qarşılaşdıq. Tərcüməçidən xahiş etdim ki, onlarla ünsiyyət qurmağıma kömək etsin. Bir-birimizi tərcüməçi vasitəsilə anlamağa çalışsaq da, söhbətimiz alındı. Qrupun qeyri-rəsmi lideri olan yekəpər ərəbin dediyi ilk söz bu oldu: “Azərbaycanlılar elə bilirlər ki, biz Bakıya gələndə özümüzlə 1 milyon dollar pul gətiririk. Hamı bizə sağmal inək kimi baxır. Kimə yaxınlaşırıqsa, bizi mal kimi sağmaq istəyir”.

Belə müsahib hər fürsətdə ələ düşmədiyi üçün söhbəti uzatmaqda maraqlı idim: “Turistləri dünyanın hər yerində soyurlar. Elə ölkələr var ki, onlara baxanda Azərbaycana şükür etmək lazımdır”.

Müsahibim sifətini turşutdu: “Başqa ölkələrdən gələn turistlərdən fərqli olaraq, Azərbaycanda bizə ögey münasibət var. Dünən Qəbələdə iki çaynik çaya görə bizdən 60 manat pul aldılar. Mən də acığa düşüb, elə həmin çayxanada ağacın dibinə “çiş” elədim”.

Masanın arxasında əyləşən ərəblərin hamısı şaqqanaq çəkib, ürəkdən güldü. Tərcüməçi onun nə dediyini başa salandan sonra mən də onlara qoşuldum...

Tərcüməçinin köməyi ilə söhbətə başqa ərəb qoşuldu: “Üç-dörd gün əvvəl Şəkidə bir qoyunu bizə 700 manata təklif etdilər. Mən də dözməyib soruşdum ki, qardaş, bu qoyun qızıl qığlayır?”

Yenə hamı gülüşdü...

Bir az da ordan-burdan söhbət edəndən sonra sağollaşmaq üçün ayağa qalxdıq. Bu vaxt gənc ofisiant bizə yaxınlaşıb, tərcüməçi vasitəsilə ərəblərdən 50 manat pul tələb etdi. Səbəbini soruşanda cavabı belə oldu: “Yarım saatdı boş stolumuzu “zanit” ediblər”.

Demək istədiyim odur ki, sən ərəbə sağmal inək kimi yanaşanda, o da özünü eşşək yerinə qoyacaq...