Ərini bir əli ilə öldürüb, digəri gipsdə idi...

erini-bir-eli-ile-oldurub-digeri-gipsde-idi
Oxunma sayı: 5458

Nərmin Dadaşova

Bilirsiz  nə olub?  Bir axşamüstü , bir Şərq şəhərində Tünzalə yorulub qadın olmaqdan. Daha doğrusu,  döyülən,  söyülən, əzilən qadın olmaqdan. Vurub ərini öldürüb. 

Olur, belə də olur, keçən həftə sevgisi ucbatından həbsə düşən  bir qadını tənqid etmişdim, etməməlidir, bir cinayətkarı, cəmiyyət üçün təhlükəli olan birinin azadlığa çıxmasına kömək etməməlidir, demişdim. Ancaq bu gün  sevgisizlik ucbatından qatil olan  bu qadını  yarğılaya bilmirəm. Bilirsiz  niyə? Çünki o ərini bir əli ilə öldürüb. O biri qolu gipsdə imiş, bir həftə əvvəl öldürdüyü əri stulla döyüb sındırıbmış sümüklərini. Təsəvvür edirsiz? Özünü müdafiə etmək üçün ərinin başına cehizlik meyvəqabısı ilə zərbə yetirir, ər huşunu itirib yıxılır. Və qadın qorxur. Qorxur ki, huşu üstünə gələr-gəlməz o biri qolunu da sındıracaq o qəddar. Balon qazı ilə bayılmış ömür- gün dərddaşının başına-başına vurur. 

Sonra məlum olur ki, bu, onların ilk münaqişələri deyilmiş. İçki aludəçisi olan ailə başçısı mütəmadi olaraq Tünzaləyə fiziki və mənəvi təzyiq göstərirmiş. Hətta Tünzalə bu səbəblə polisdən də  salıbmış yolunu.  

Bir dəfə uşaqlarla bağçadan evə gedirdik. Yolumuzun üstündə, beş-on metr qabaqda bir kişi  bir qadını vəhşicəsinə döyürdü.  Sağa-sola boylandım, arxadan gələn polis forması geyinmiş gənci görəndə  onları ayırmaq üçün gəldiyini düşünüb sakitləşdim.  Amma bu gənc qırğın-davanı görüb yolunu dəyişdi.  Arxasınca çağırdım, “öldürəcək qadını, hara gedirsiz?” - dedim.  “Yəqin ər-arvaddırlar” dedi. Vallah, beləcə də dedi. Yəqin ər-arvaddırlar.  Əlim- qolum qırılıb yanıma düşdü, arxadaş. “Sən  asayiş keşikçisisən, özünü niyə yengə kimi aparırsan axı?”, deyə bilmədim. Çünki, çoxdan uzaqlaşmışdı ordan… Bu hadisədən bir neçə həftə sonra yenidən 102 xidmətinə Cənub rayonlarımızdan birində,  17 yaşlı qızın qaçırılması ilə bağlı şikayətimizi bildirmək üçün zəng etmişdik, sözümüz ağzımızdan bitməmiş  amansız bir cavab vermişdi bizə güvəndiyimiz dağların nümayəndəsi  “ Allah xoşbəxt eləsin” demişdi.

Ehtimal ki, Tünzalənin şikayət ərizəsinə də münasibətləri belə olmuşdu onların “Ər-arvad arasında olur belə şeylər…” Ancaq getməyə başqa yeri, başqa nəfəri  olmayan qadın  ömrünün qalan illərini zindana bağışlaya bilər.  Çiçək əkən, çay dəmləyən, uşaq böyüdən biri niyə adam öldürsün ki?  Hansı əzab idi Tünzaləyə güc verən ki, bircə əli ilə o ağırlıqda balon qazını dəfələrlə qaldırıb ərinin başına vura bildi? 

 Bir bilsən, necə gözəl sevgilər var şeirlərdə, filmlərdə, Tünzalə. Nazım Hikməti vərəqləyirdim dünən axşam. “Ben senden önce ölmek isterim”, “Güldün,  güller açıldı penceremin demirlerinde”  deyirdi sevgilisinə. Sənin müsibətindən xəbərsizdim, bizi bağışla…