“Erməni lobbisinin arzusu ürəklərində qaldı” - Deputat Konvensiya haqqında

ermeni-lobbisinin-arzusu-ureklerinde-qaldi
Oxunma sayı: 2207

“Əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, Konvensiyanın imzalanması mümkünsüz olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Aktauda imzalanan Konvensiyanı şərh edərkən bildirib.

O qeyd edib ki, bu sənəd ilk növbədə Prezident İlham Əliyevin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndiriliməlidir:

“Bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu nöqteyi nəzərdən imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti mövcuddur”.

Elman Nəsirov əlavə edib ki, Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir:

“Ona görə də bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq.

Hər zaman olduğu kimi mühüm tarixi əhəmiyyətli sənədin imzalanması ərəfəsində antiazərbaycan qüvvələr, erməni lobbisinə yaxın olan siyasi dairələr müxtəlif yollarla belə bir tarixi razılaşmanın əldə edilməsinə mane olmağa çalışırdılar. Çünki hamıya aydındır ki, belə bir sənədin imzalanması Azərbaycanın mövqeyini daha da gücləndirəcək, ölkəmiz daha da inkişaf edəcək. Həmin bu qüvvələr bu səbəbdən də yuxularına haram qatıb, cürbəcür ssenariləri işə salmaq istəyirdilər. Hər zaman olduğu kimi bu dəfə də onların arzuları ürəklərində qaldı”.