Erməni məmurların fərari övladları ilə bağlı araşdırmalar başladı

ermeni-memurlarin-ferari-ovladlari-ile-bagli-arasdirmalar-basladi
Oxunma sayı: 1158

Ermənistanın Müdafiə Nazirliyi vəzifəli şəxslərin orduda xidmətdən azad olunan övladlarının işi üzrə araşdırmalara başlayıb.

“Qafqazinfo” Azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müdafiə nazirinin məsləhətçisi Qeqam Arutyunyan deyib.

Onun sözlərinə görə, əvvəllər hansı əsas və səbəblərlə orduda xidmətdən möhlət verilməsi, hərbi xidmətin təxirə salınması, yaxud uzaqlaşdırılmalar araşdırılacaq. Və bu zaman hərbi xidməti təxirə salınanların vəzifəli şəxslərin oğulları olub-olmaması heç bir fərq etməyəcək və onlar da araşdırmaya daxil ediləcək.

Arutyunyan bildirib ki, bu yayın başlanğıcında elan edilən hərbi çağırışdan bəri nazirliyə 80 ərizə daxil olub və onların 70-də vətəndaşların səhhətlərindəki problemlərə görə orduda xidmət edə bilməyəcəkləri deyilir.

Bununla belə, Arutyunyan nazirlik tərəfindən başladılan irimiqyaslı ciddi araşdırmaların hansı nəticələrə gətirib çıxaracağı barədə danışmağa çətinlik çəkib.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar ölkənin vəzifəli şəxslərinin müxtəlif bəhanələrlə övladlarını orduda xidmətdən yayındırmalarından dəfələrlə şikayət ediblər.