Erməni yazıçı azərbaycanlı müğənniyə kitab həsr etdi - - Elnarə

ermeni-yazici-azerbaycanli-mugenniye-kitab-hesr-etdi-
Oxunma sayı: 4287


Erməni yazıçı Lyubik Çibuxçyanın növbəti kitabı “Elnarə” adlanır. Bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib.

Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir.

Çibuxçyanın bundan əvvəl çap olunmuş 156 kitabları arasında onlarla qəsidələri Alfred Nobelə, Birinci Pyotra, Mahmud Əhmədinejada və başqa tanınmış və böyük insanlara həsr olunub.

Və nəhayət şairi daha bir kitab yazmağa Elnarə Abdullayeva ruhlandırıb.

Nə üçün Elnarə?

Bu sualla BBC Azərbaycancanın Ermənistan müxbiri telefonla İcevanda yaşayan Lyubik Çibuxçyana müraciət edib.

Lyubik Çibuxçyan deyir ki, ilk dəfə Elnarəni Azərbaycan televiziyası ilə yayımlanan konsertdə görüb:

“Bir klip göstərirdilər. Cavan qadın bülbül haqqında oxuyurdu [yəqin ki, Sərvər Şahbəylinin sözlərinə, Asif Kərimovun “A bülbül” mahnısı- A.M.]. Sabahısı gün, iş yoldaşıma dedim, internetdə tapdı, bir neçə mahnısını dinlədim, çox xoşuma gəldi”.

İcevan Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Ermənistanın Tavuş vilayətinin mərkəzidir. Burada Azərbaycan televiziya verilişlərini izləmək mümkündür.

Azərbaycan dilini hələ az-çox başa düşənlər hərdən “düşmən” ölkənin xəbərlər və başqa proqramlarını da izləyir, çoxları isə “doğma musiqi mədəniyyətinə yaxın və ürəyə yatan” Azərbaycan mahnılarını dinləyir.

- Başqa azərbaycanlı müğənniləri də dinləyibsinizmi? Necə oldu ki, məhz Elnarə sizə ilham verdi?

- Düz deyirsən, ilham verdi. Necə deyim, onun səsi, ifası mənə daha xoşdur. İndi, nə fərqi var – hansı millətdəndir, mənə dərin təsir bağışladı.

Cavabsız Facebook mesajı

Çibuxçyan hətta Elnarənin Facebook ünvanına məktub yazıb, amma deyir ki, cavab almayıb.

- Yazmışam ki, Elnarə can, gözəl səsin var, Allah sənə yar olsun, sənin kimi məharətli, bülbül səsli qız yetirən istedadlı xalqa təşəkkürümü bildirmişəm.

Çibuxçyan kitabı rus və azərbaycan dillərinə tərcümə etdirmək istəyir: “Minsk Qrupuna, səfirliklərə, ölkə başçılarına paylansın”.

Kitabda gözəlliyə qəsidə, eşq-məhəbbət, dünya-kainat, təbiət ətrafında mücərrəd fəlsəfi mülahizələrlə yanaşı erməni-azərbaycanlı ixtilafına dair ötəri eyhamlar da nəzərə çarpır.

“Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsəm, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan”, - Çibuxçyan qafiyələrə düzmüş sülhməramlı sətirləri ərz edir.

Kitabın finalı müəllifin qaibanə tanış olduğu gözəllə vüsal arzusunun əbəs xülya etirafı ilə sona yetir [ermənicədən təxmini tərcümə]:

Yasəmən vücudun - Tanrı sovqatı,

Qamətin bənzəyir gül budağına.

Rübab simləritək incə barmaqlar

Kövrək ürəyimə yaxar yaralar.

Avazın məlhəmdir kövrək qəlbimə,

Həzin nəğmələrin salır tilsimə,

Səsinlə ucalır zil zirvəsinə

Vüsal arzusuyla közərən ürək.

Günəş sönsə belə, yetsə axirət,

Dəyişmək olarmı yazdığın fələk?

Qəmli muğamında duyuram sənin

Həsrət asimanı dələn dağlara.

Amansız dövr edir zamanın çarxı,

Lyubik də gedərdi, tükənir vaxtı.

Bəlkə o dünyada bizim ruhlara

Vüsal qismət oldu, gözəl Elnarə.

Qafiyə ustası

63 yaşlı Lyubik Çibuxçyan Tavuş vilayət icra başçısının müşaviri vəzifəsində çalışır. Əslində, uşaqlıqdan qafiyə düzmək qabiliyyətilə fərqlənən Çibuxçyan ömrünü ədibliyə həsr edib. Şer, nəsr, aforizmlər, pyeslər, kino ssenariləri, mahnılar yazır.

Hal hazırda onun 2 min səhifə Bibliya üzrə şərhləri, hər biri 400 səhifəlik kitab üçün 64 minə yaxın əlyazmaları var. 157 kitabı çap olunub, bir cildi təxminən 75 min aforizmdən ibarətdir.

1226 sətirdən ibarət bir cümlə ilə yazılmış Vladimir Putinə həsr etdiyi poeması deyilənə görə, 2003-cü ildə Guinnesin Rekordlar Kitabına düşüb.

Çibuxçyan, prezident Robert Koçaryana 70 səhifədən, ABŞ-ın Ermənistandakı sabiq səfirinə 125 səhifədən ibarət qəsidələr həsr edib.

Çibuxçyanın mədhnamələri prezident Serj Sarkisyana (1000 səhifə), İran prezidenti Əhmədinejada, Vladimir Jirinovskiyə, Ermənistanın keçmiş müdafiə və baş nazirlərinə həsr olunub.

Rus çarı Birinci Pyotrun erməni kökləri olduğunu sübut etmək üçün o, 350 səhifəlik kitab yazıb.

Lyubik Çibuxçyanın əməyi Ermənistan rəhbərliyi tərəfindən diqqətsiz qalmayıb. O, dəfələrlə pul mükafatı və müxtəlif medallarla avtomobillə və üçotaqlı mənzillə təltif olunub, Ermənistan incəsənət xadimi adına layiq görülüb.

Hazırda Lyubik Çibuxçyan Qarabağ müharibəsi veteranı general Manvel Qriqoryan üçün qəsidə üzərində işləyir.