Ermənidən də təhlükəli düşmən...

ermeniden-de-tehlukeli-dusmen
Oxunma sayı: 1423

Qan Turalı 

Gərgin iş günlərinin birində televizya rəhbərinin telefonuna zəng gəlir. 

Gözucu telefona baxır, zəng vuran xüsusi xidmət orqanının rəhbəridir.

Tez telefonu açır, “salam-sağol” edə-edə stolun üstündəki kağız və qələmi qabağına çəkir.

Amma baş kəşfiyyatçı hansısa bir xəbərin efirə verilməsi, ya da efirə gedən hansısa bir xəbərlə bağlı narazılıq etmək üçün zəng vurmayıb. 

Rəhbər danışdıqca televiziya rəhbəri kağıza qeydlər edir, söhbət bitdikdən sonra kağıza yazılan bu sözləri oxuyur:

“Bu maqazin verilişlərini ləğv eləyin. Reytinq dalınca qaçırsınız, lakin anlamırsınız ki, bu verilişlər ölkənin milli təhlükəsizliyi üçün bir nömrəli təhlükədir. Terror belə bu ölkəyə bu qədər ziyan vurmur. Ölkədə intiharlar sürətlə artır, ailədaxili qətllər artır. Kiçik bir şəhərimizdə 60 intihar olub bu il.  Hamısı da o sizin maqazin verilişlərinə görə. Ailəsinə çörək apara bilməyən bir adam fikirləşin, gəlib evdə o maqazin proqramlarında varlıların, müğənnilərin necə bir lüks içində yaşadıqlarını görür. Limuzinlərdə gəzdiklərini, necə dəbdəbəli evlərdə yaşadıqlarını, nələr geyinib, nələr yeyib-içdiklərinə  tamaşa edir. Özü də tək ailənin kişisi yox, xanımı da, uşaqları da o verilişlərə baxır. Bir ovuc mərci şorbasına çoxlu su töküb bol çörəklə onu yeyən bir ailə Mayamidəki villasının qarşısındakı limuzində oturub müsahibə verən Sibel Cana baxdıqda hansı hisslər keçirəcək? Yoxsulluq içində yaşayan insanlar üçün varlıların həyatı əsl travmadır. Onsuz da bu yoxsulluq travmatikdir, siz isə odun üstünə benzin tökürsünüz”.

Kanal rəhbəri yazılanları oxuyub uzun-uzun fikirləşir, lakin bir az sonra qarşısında gələn axşamkı maqazin verilişinin ssenarisini imzalayaraq efirə buraxır. 

Bəs rəqib kanal necə olsun? Bunlar ləğv etsə belə onlarda maqazin verilişi qalacaq. 

Bu hadisə doğrudan da Türkiyənin Milli İstihbarat Teşkilatının rəhbəri ilə Kanal D-nin prezidenti arasında olub.

Hadisənin qurğusu və detallandırılması isə mənə aiddir. 

Və bu sətirləri bizim üçün aktual olduğuna görə yazıram.

Bu vəziyyət eyni dərəcədə bizə aiddir. 

Hətta bəlkə daha çox bizə aiddir.

Və təəssüf ki, bizdə nə bunu anlayacaq məmurlar, nə də televiziya rəhbərləri var.

Ölkədəki intiharların, zorakılığın, ailədaxili qətllərin, qəsdən adamöldürmə hallarının artmasının bir səbəbi də bu maqazin verilişləridir. 

Uşağına bir peçenye ala bilməyən ata televiziyada dəbdəbəli evini, lüks maşınını göstərən şou biznes ulduzları qarşısında sizcə depressiyaya düşmürmü?

Televiziyadan evimizə soxulan bu şou ulduzlarının bahalı qarderobunu, yaşadığı zəngin həyatı görən kasıb bir kənd gəlini sizcə çoxmu xoşbəxt olur?

Nə qədər paradoksal bir hal olsa belə ermənilərin düşmən kimi mövcudluğu  bizi bir xalq kimi birləşdirə bilir.

Erməni şovinizmi bizi bir xalq kimi bütövləşdirdiyi halda bu proqramlar bizi ayırır.

Ona görə də əsl düşmən də elə bu verilişlərdir.

Ermənidən də təhlükəli və qorxulu düşmən...

Rusiyasız bir dünya 

Dünya liderlərinin hansı avtomobildən istifadə etdikləri ilə bağlı bir məqalə oxudum.

ABŞ prezidenti Cadillacdan istifadə edir.

Yapon imperatoru da xeyrə-şərə Toyotası ilə gedir.

Fransa prezidentinin maşını da Fransa istehsalı olan Citroendir. 

Çinin baş nazirinin maşını da Çin istehsalıdır.

Bunlar yenə superdövlətlərdir, amma Çexiyaya baxın. Çexiyanın rəhbəri də Skodadan istifadə edir. 

Bəs Rusiya? 

Putinin maşını Mersedesdir.

Dünyaya hegemonluq iddiası,  XXI əsrdə Ukraynanı işğal edilməsi, supergüc nağılları və Mersedes... 

Rusiya sənayesi öz prezidentinin bəyənib minəcəyi maşın istehsal edə bilmədiyi bir zamanda bütün bu siyasi pafos, hədə-qorxular çox boş görünmürmü?

Apple, General Motors, Google, Teslanın elektrik enerjisi ilə çalışan sürücüsüz maşın istehsal etdiyi bir zamanda Mersedes sevdası gələcək dünyada Rusiyanın yerinin çox da möhkəm olmadığını göstərir.

Bizim də bir Naz Lifan arzumuz vardı...