“Ermənilər çox aqressivdir”

ermeniler-cox-aqressivdir
Oxunma sayı: 644

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) insan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib. Rəbiyyət Aslanova ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin çox rahat, faktlara əsaslanan mövqe nümayiş etdirdiyini vurğulayaraq bildirib: “Ancaq bizdən fərqli olaraq erməni tərəfi, xüsusilə, həmin ölkənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Safaryan çox aqressiv şəkildə danışırdı və onun bu hərəkəti gülüş doğururdu”.

Komitə sədri qeyd edib ki, “həmsədrlər bizi birmənalı olaraq dəstəkləyirlər” kimi fikirlərdən uzaq olmalıyıq. Onların bir sıra məqamlarda yenə ikili yanaşma nümayiş etdirdirirlər. Rəbiyyət Aslanova bildirib ki, ATƏT PA-nın son payız sessiyasında həmsədrlər əyani şəkildə gördülər ki, Ermənistanı çıxmaq şərti ilə sözügedən qurumun 56 üzvü artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar. “Düzdür, qurumun 56 üzvünün heç də hamısı eyni çəkiyə, eyni gücə, eyni nüfuza malik deyildir. Onların içərisində öz sözü, öz mövqeyi, öz nüfuzu güclü olanlarla yanaşı, nisbətən zəif olanları da vardır. Ancaq bu qurum daxilində son yaşananlar, ölkəmizin mövqeyinin açıq şəkildə dəstəklənməsi əslində dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzunun güclənməsinin sübutudur”, deyə - komitə sədri qeyd edib.

R.Aslanova, eyni zamanda, bildirib ki, bəlkə də ilk dəfə idi ki, ATƏT PA üzvləri bu münaqişənin həll olunmasında bu qədər birgə mövqe nümayiş etdirmək məsuliyyətini öz üzərilərinə götürürdülər. Bu isə heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəhayət ədalətli həlli yolunda uzun müddətdən bəri gözlənilən müsbət addımların atılacağına bir işarə sayıla bilər.