Ermənilər faşizmi necə dəstəkləyir? - Rus tarixçinin araşdırması

ermeniler-fasizmi-nece-destekleyir
Oxunma sayı: 1698

Bu gün rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) arxivində qorunub saxlanan sənədlər əsasında hazırladığı araşdırma məqaləsinin təqdimatı olub. “Qafqazinfo” xəbər verir ki, “Ermənistan: faşizmin tüğyan etdiyi ölkə” adlı mətbuat konfransında bildirilib ki, həmin məqalə tarixçinin təxminən bir il müddətində həmin sənədlər üzərində apardığı araşdırmanın nəticəsində ərsəyə gəlib. 

Tarixçi bildirib ki, həmin nadir sənədlərin əksəriyyəti Rusiya arxivlərində belə qalmayıb. Kuznetsov məqaləsində hazırda Ermənistanın hökumət binası qarşısında abidəsi ucaldılan Qareqin Njdenin (Ter-Aratyunyan) əslində nasist olduğunu tarixi faktlarla əsaslandırıb:

“Erməni mətbuatı Njdeni erməni xalqının milli qəhrəmanı və Ermənistan dövlət ideologiyasının qurucusu kimi təqdim edir. Azərbaycan, Özbəkistan Rusiya kimi bəzi postsovet ölkələri KİV-i isə onu faşist adlandırırlar. Bununla yanaşı, elə rəsmi Moskva özü, digər Avropa şəhərləri və Amerikada rəsmi səviyyədə qərara alınır ki, bu, “Ermənistanın daxili işi” hesab edilsin”.

Konfransda bildirilir ki, Amerikada yaşayan və orada irqçi təşkilat yaradan Qareqin Njde 1930-cu ilin ortalarında vəziyyət dəyişdikdən sonra faşizmin mərkəzi olan Münhenə köçür və Almaniyada Hitler hakimiyyətə gəldikdən sonra erməni faşizmi legitim hal qazanır. Güclü xalqların zəif xalqları əzmək haqqının olduğu fikrinin tərəfdarı olan Njdenin faşizm ideologiyasının tərəfdarı olması faktını ortaya çıxan arxiv sənədlər də təsdiqləyir. Belə ki, Njde “Böyüməkdə olan erməni nəsillərə sözüm” adlı məqaləsində yazır:

“...Əgər hakimiyyəti ələ keçirsə, “Daşnaksutyun”  özünün yarımçıq sosializm proqramı ilə hakimiyyətə gələcək. O zaman biz hamımız partiyanı tərk edəcəyik. Nəhayət ki, hərəkətə keçməyi Hitlerdən öyrənməliyik”.

Məqalə müəllifi sonda daha bir maraqlı faktı diqqətə çatdırır. Belə ki, SSRİ-də 1937-ci ildə Daşnaklar erməni, milliyətçi, bolşevizmin ideya düşməni və ya anti-sovetçilər olduqları üçün deyil, məhz liderləri özlərini Hitlerin tərəfdarları elan etdikləri üçün repressiyaya məruz qalıblar: “İndi isə İrəvanda ona abidə ucaldılıb. Məgər bu, Ermənistanda faşizmin qəhrəmanlaşdırılması demək deyil? Faşistlərlə dostluq etmək istənilən halda əxlaqsızlıqdır. Heç bir siyasi əsas buna haqq qazandıra bilməz. Əks halda rusların müdrik sözləri aktuallıq qazanacaq: “Dostunun kim olduğunu de, sənə kim olduğunu deyəcəm”.