Ermənilərin oğurluq cəhdi baş tutmadı

ermenilerin-ogurluq-cehdi-bas-tutmadi
Oxunma sayı: 640

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Noyabrın 3-dən başlayan sessiyada ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova və AR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil edib. Sessiyanın birinci günü qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına nominasiyalar müzakirə edilib. Nominasiyalar arasında Ermənistanın iki nominasiyası – Erməni Aşıq məhəbbət romansı ənənəsi və erməni su festivalı Vardavar müzakirə edilib. Müzakirə zamanı ölkəmizin nümayəndəsi Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi ilə yanaşı, aşıq sənətinin Ermənistan tərəfindən mənimsəndiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğunu Komitənin üzvlərinə çatdırıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, Komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, Komitənin müvafiq qərarına əsasən sözügedən iki nominasiya qəbul edilməyib.

Qeyd edək ki, Azərbaycan 2010-cu ildən etibarən Komitənin dörd illik müddətinə üzvüdür.

Səidə