Ermənini “ər” edən İran

ermenini-er-eden-iran
Oxunma sayı: 4008

Raminə Eyvazqızı

7 il əvvəl ilk dəfə İranda olanda Ərdəbilin havasının doğmalığını ciyərlərimdə hiss etmişdim. Anamın dədə-baba torpaqlarında qonaq olmadığıma ürəkdən inanmışdım. Ta ki, o xəritəni görənə kimi.

İlk səfərimizdə qaldığımız mehmanxana divarına İranın və qonşu ölkələrin ərazisini təsvir edən iri xəritə asılmışdı. Xəritənin Azərbaycan hissəsi Qarabağsız təsvir olunmuşdu, yəni halalca torpaqlarımızı Ermənistana təhvil vermişdilər. Bu bizi özümüzdən çıxardı, həttə mehmanxana rəhbərliyi ilə əlbəyəxa mübahisəyə qədər getdik. Məlum oldu ki, təqsir onlarda deyilmiş, çap olunan bütün xəritələrdə vəziyyət belədi.

İran Qarabağımızı erməni torpağı kimi göstərməklə düşmənimizə eşqini çoxdan elan edibmiş. Bu məsələni imkan daxilində araşdırmağa başladım.

Atamla Ərdəbilin ona yaxın kitab mağazasını gəzdik. Bir neçəsindən əldə etdiyimiz çoğrafi xəritələrdə eyni “Qarabağsız Azərbaycan”la qarşılaşdıq. Ən ağrılısı o idi ki, satıcıların çoxu Qarabağın bizim olmadığımıza inanmışdı. Xəritələrin Tehranda baş mətbəədə çap olunduğunu və vilayətlərə paylanıldığını dedilər. Məlum oldu ki, bizdən (hərə bir cür xəritə buraxır) fəqli olaraq, İranda yalnız paytaxtda xəritə çap oluna bilər ki, onun da başında ermənipərəstin oturduğu gün kimi aydın oldu.

Bu gün də o xəritələr Cənubi Azərbaycanımızın qanını qaraltmaqda davam edir, bizimkilərin isə heç xəbəri yoxdur. O vaxt məsələ ilə bağlı İran səfirliyinə müraciət etmişdim, təəssüf ki, xəritədə ərazi bütövlüyümüzə xəyanət edənlərdən tutarlı cavab almamışdım. Hirsimi əlimdə olan xəritələri cırmaqla soyutmuşdum…

Ötən gün düşmənlə İran arasındakı gediş-gəliş əngəli rəsmi şəkildə aradan qalxdı. İndi şifahi şəkildə can-ciyər olan bu ikilinin mehribançılığı lap pik həddə çatacaq. İranın bizim cənublu soydaşlarımıza qoyduğu qadağalar davam edir. Politoloq olmasaq da, hər halda erməni və farsın belə vacib qərarla yaxınlaşmasının bizim üçün müsbət nəticlər verməyəcəyinə əminik. Bir iranlı Ermənistana niyə getsin ki?

Damarında azərbaycanlı, türk qanı axanın o xarabaya can atmasının bir səbəbi ola bilərsə, o yenə Qarabağı görmək olacaq. Ermənilərin İranda, xüsusən paytaxtında at oynatmaqlarının tarixi isə keçmişə dayanır. Hətta İranda erməni həkim burdan gedən xəstəmizi də müalicə edir. Fars erməni dilini öyrənməyə daha həvəslidir, onlar üçün də erməni bir vasitədir, düşmənlə qardaşlaşmaq azərbaycanlının canını yandırmağa xidmət edib, edəcək də. Bəs bu bizim başbilənləri niyə narahat etmir?

***
Ərdəbilin mərkəzində bir qəssab vardı. “Azer” adlı mağazasında ucadan milli mahnılarımızı dinlədiyinə görə, onu şallaqlamışdılar. Deyilənə görə, kefinə bərkdən milli musiqi düşəndə, gülə-gülə deyirmiş ki, çağırın asayiş polisini aparsın məni. Adama ağır gələn odur ki, Çənubi Azərbaycanımızda ana dilini yaşatmaq üçün ağzını tikən, qamçılanmaqdan, həbsdən və işgəncələrdən, edamdan qorxmayan oğullar bu gün də var.

Şimala can atanların xəbəri yoxdur ki, bu tayda ana dilində danışa bilməyən yekə kişilər, oxumaq imkanı ola-ola ana dilindən “2” alan yüzlərlə gənclər var. Biz heç bu rüsvayla Cənuba dəstək ola bilərikmi? Hansı yaxınlıqdan danışa bilərik? İndi bizə düşmən bizik, ya onlar?