Ermənistan mənşəli kartof Azərbaycana gətirilməyib

ermenistan-menseli-kartof-azerbaycana-getirilmeyib
Oxunma sayı: 1486

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb. Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Belə ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərəhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.

Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. Ümumiyyətlə, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir.