“Ermənistan radikal mövqe tutmağa başlayır”

“Ermənistan radikal mövqe tutmağa başlayır”
Oxunma sayı: 652

“Nikol Paşinyanın hakimiyyətə gəlişində belə bir ümid var idi ki, o, sələflərinin səhvlərindən nəticə çıxaracaq və Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün beynəlxalq hüquqlar və ölkə üçün maraqlı olan addımlar atacaq. Ancaq ötən bir il onu göstərdi ki, Paşinyan faktiki olaraq Sarkisyan siyasətini davam etdirir”. 

“Qafqazinfo”ya bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın Baş Naziri Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını şərh edən zaman deyib. Bildirib ki, Paşinyanın Dağlıq Qarabağın Ermənistanın ərazisi olması ilə bağlı çıxışı göstərdi ki, Ermənistan bu məsələdə daha radikal mövqe tutmağa başlayır:

“Paşinyan əvvəlki kimi böyük qüvvələr arasında oynamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımamağa meyillidir. Onun bir müddət əvvəl Xankəndindəki provikasiyalı çıxışı da onu göstərir ki, Ermənistanın daxili siyasətində faktiki olaraq heç nə dəyişməyib. Bu da başa düşüləndir. Çünki o, hakimiyyətə gələn zaman ilk növbədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması öhdəliyini öz üzərinə götürmüşdü. Amma bir il ərzində heç nə edilmədi. Nə iqtisadi, nə də sosial baxımdan ölkədə irəliləyiş oldu. Pensiyalar artmadı, vətəndaşların təhlükəsizliyi təmin olunmadı. Bu baxımdan Paşinyan milliyətçilik əhval-ruhiyyəsində oynamağa üstünlük verib”. 

A. Mirzəzadənin sözlərinə görə, qonşu ölkənin hazırda yürütdüyü siyasət Azərbaycanın işini çətinləşdirsə də, Ermənistanın özünə daha ağır problemlər yaradacaq:

“Ermənistan bu gün danışıqlar prosesini pozmaqla əslində ölkəyə işıq gəlməsinin, regional proqramlara qoşulmaq imkanının qarşısını alır. Ən əsası isə Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırır.

Azərbaycan heç vaxt bu iddialarla razılaşmayacaq və özünün ərazi bütövlüyünün təmin olunması üçün bütün mümkün olan addımları atacaq. Ermənistan birmənalı olaraq bilməlidir ki, apardığı siyasət Azərbaycandan daha çox özünə zərbə vuracaq. Bir sözlə, Paşinyanın çıxışı daxili auditoriya üçün hesablansa da, zərbəsini də elə Ermənistan dövləti özündə hiss edəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi