“Ermənistan rəhbərliyinə artıq reallığı anlamağı tövsiyə edirik”

ermenistan-rehberliyine-artiq-realligi-anlamagi-tovsiye-edirik
Oxunma sayı: 1376

”Ermənistan baş nazirinin Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdə səsləndirdiyini fikirlərə münasibət bildirərkən dilə gətirib.

O deyib ki, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir və Ermənistan rəhbərliyi bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyət real vəziyyət barəsində dolğun və düzgün məlumata malikdir:

“Ermənistan baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur”.

H.Hacıyev sözlərinə əlavə edib ki, bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir, Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır.