Ermənistan tankları və artilleriyası məhv ediləcək

ermenistan-tanklari-ve-artilleriyasi-mehv-edilecek
Oxunma sayı: 634

Bu barədə “Qafqazinfo”ya NATO mənbələrindən özəl olaraq məlumat verilib. Məlumatda qeyd olunub ki, sözügedən proqram NATO-nun Ermənistan üçün nəzərdə tutulan Etimad Fondu layihəsi çərçivəsində həyata keçiriləcək.

Bu layihə ilə bağlı təşəbbüslər ilk dəfə 2012-ci ilin avqustunda irəli sürülüb. 2013-cü ilin sonuna qədərsə layihə üzrə konkret addımlara başlanılacaq. NATO-dan onu bildirdilər ki, hazırda Ermənistanda xeyli sayda artıq hərbi texnikanın cəmləşdiyi anbarlar mövcuddur. Bu avadanlıq Ermənistanın qoşulduğu Avropada Adi Silahlı Qüvvələrə dair Cinah Sazişində nəzərdə tutan limiti pozur. Belə ki, Ermənistanın malik olduğu hərbi texnikaların sayı sazişdə əksini tapan göstəricilərdən çoxdur. Odur ki, həmin texnikaların məhv edilməsində NATO Ermənistana dəstək verəcək.

Ekspertlərin fikrincə, Ermənistan indiyə qədər həmin hərbi texnikaların Silahlı Qüvvələrin istifadəsindən çıxarıldığı barədə sənədlər təqdim etsə də, Cinah Sazişinin müddəalarının yerinə yetirilməsinə cavabdeh olan rəsmilər bununla qane olmayıblar. Onların fikrincə, bu texnikalar elə şəkildə məhv olunmalıdır ki, bir daha onlardan istifadə olunmasın.

Cəsur Sümərinli
Tbilisi