Ermənistan tərəfi də cəbhədəki itkilərdən danışdı

ermenistan-terefi-de-cebhedeki-itkilerden-danisdi
Oxunma sayı: 650

Atışmalar nəticəsində Azərbaycan tərəfindən biri mayor olmaqla iki hərbçimizin yaralanması, birinin isə şəhid olması faktı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də təsdiqini tapıb.

“Qafqazinfo” erməni saytına istinadən xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Arçrun Ovannisyan isə verilən məlumatı təkzib edib: “Ermənistan-Azərbaycan sərhədində atəş səsləri hər gün eşidilir, lakin son 1-2 gündə onların sayında xüsusi artım müşahidə olunmayıb. Atışma qeydə alınmayıb. Azərbaycan tərəfinin də itkilər verməsi ilə nəticələnən hansı atışmadan söhbət getdiyini anlamıram”.

Ovannisyan ermənilərin son iki gündə digər istiqamətlərdə də aktivlik göstərməsi və itkilər verməsi ilə bağlı azərbaycan tərəfinin yaydığı bəyanata da münasibət bildirib: “Ermənistan tərəfində son iki gündə itki qeydə alınmayıb. Qəribədir, Azərbaycan Müdafiə Nazirliyi hansı faktlara əsaslanaraq belə iddialar səsləndirir?”

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu açıqlamasında bildirib ki, dünən və srağagün, yəni martın 25-də və 26-da cəbhənin bir neçə istiqamətində atəşkəs rejiminin pozulması intensiv xarakter daşıyıb: “Azərbaycan Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin həmlələrinin qarşısını alıb. Hər iki tərəf itkilər verib. Düşmən itki verərək geri çəkilib. Erməni tərəfinin itkiləri barədə dəqiq məlumat olmasa da, onların olduğu dəqiqdir. Bunu ermənilərin əlahiddə hücum əməliyyatı kimi də qiymətləndirmək düzgün olmazdı. Ancaq uzun müddətə, bir neçə saat davam edən atışmalar və gərginliklər baş verib ki, bunun da nəticəsində itkilər olub”.