Ermənistan xaosun qapısında... - Politoloqdan şərh

ermenistan-xaosun-qapisinda
Oxunma sayı: 1967

Xəbər vermişdik ki, Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı ilə tərəfdarları parlamentin giriş və çıxışlarını bağlayıblar və bu qurumun qəbul etdiyi yeni qərara etirazlarını bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, politoloq Şahin Cəfərli bu hadisələrin Paşinyanın əlində son resurs olduğunu bildirib.

O, parlamentin qəbul etdiyi qərarı bu formada izah edib:

“3 fraksiya - Serj Sarkisyanın Respublika Partiyası, Qagik Tsarukyanın bloku və daşnaklar reqlament haqqında qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil ediblər. Əvvəlki prosedur imkan verirdi ki, xalq Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin toplaşıb yeni hökumət başçısı seçməsini əngəlləsin və beləliklə, parlament avtomatik buraxılsın. Yeni dəyişiklik bu yolu bağlayır və sədrə səlahiyyət verir ki, kənar təzyiq olacağı halda, parlamentin buraxılmasına aparan proseduru dayandırsın”.

Ş.Cəfərli İrəvan bələdiyyəsinə son seçkiləri xatırladaraq həmin seçkilərin tez bir müddətdə keçiriləcək parlament seçkilərinin respublikaçıların və onun arxasındakı Qarabağ klanının siyasi səhnədən tamamilə silinməsi, daşnakların marginallaşması ilə nəticələnəcəyini göstərdiyini qeyd edib:

“Tsarukyan isə görür ki, bu proseslərin gedişində sərvətini və siyasi təsirini itirməsi realdır. Bir sözlə, erkən seçkinin tezliklə baş tutması və başlanmış cinayət təqiblərinin öz məntiqi sonluğuna çatması hazırkı sistem partiyalarının, onların əsaslandığı oliqarxik-mafioz düzənin sonu olacaq. Bu səbəblə, adı çəkilən üç siyasi qüvvə bir araya gələrək prosesi dayandırmaq üçün hərəkətə keçib. Bu qüvvələrin Rusiyaya yaxınlığı sirr deyil”.

Politoloq rəsmi Moskvanın proseslərə müdaxilə edə biləcəyini də istisna etməyib:

“Paşinyanın əlindəki yeganə resurs isə yenə də xalqdır. Hazırda İrəvanda baş verənləri inqilabın ikinci mərhələsi də adlandırmaq olar. Əgər küçənin təzyiqi ilə parlament bugünkü qərarından geri dönsə və əvvəlki prosedur üzrə özünü buraxmağa məcbur edilsə, nəzərlər Moskvaya yönələcək. Ola bilər ki, Moskva hadisələrin bu cür inkişafı ilə razılaşmasın və baş verənləri qeyri-konstitusion elan etsin. Bu halda Ermənistanda siyasi böhran daha da dərinləşəcək və ölkədə xaos yaranacaq. Lakin Moskvanın yenə hadisələri səbrlə izləməsi və öz müttəfiqinin xaosa yuvarlanmasına səbəb olacaq addımlardan çəkinməsi mənə daha ağlabatan gorünür”.