“Ermənistana hücumla bağlı Bakı prinsipial qərar qəbul edib”

ermenistana-hucumla-bagli-baki-prinsipial-qerar-qebul-edib
Oxunma sayı: 638

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun əməkdaşı Aleksandr Skakov Cənubi Qafqazdakı ümumi situasiyanı şərh edib.

“Qafqazinfo”nun “Regnum” saytına istinadən verdiyi xəbərə görə, ekspert Ermənistanın vəziyyətinin xarici faktorlardan asılılığı üzündən ağırlaşdığını hesab edir. Skakov bura Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər, İrana hücum eyni zamanda, İranın və ya digər oyunçulardan birinin Azərbaycanda stabilliyi pozması ehtimalı, Gürcüstanda daxili siyasi qeyri-stabillik, Türkiyənin gələcəyi və erməni-türk barışığının perspektivi, gələcək erməsi-rus münasibətləri, Ermənistanın “Avropa seçimi” perspektivini daxil edib.

Ekspert hesab edir ki, mövcud situasiya belə düşünməyə əsas verir ki, sanki Ermənistan rəhbərliyi regionda yaranan çətinlikləri aydın dərk etmir və daha çox özünün gələcək siyasi “sağ qalma perspektivi”ndən narahatdır.

Skakov Ermənistanın “erməni soyqırımı”, Dağlıq Qarabağ, Ermənistan –Türkiyə məsələrində ciddi nailiyyət əldə etmədiyini vurğulayıb: “Elə təəssürat yaranır ki, Ermənistanın Avropa Birliyi ilə əlaqələrində bəzi irəliləyişlər var. Düşünmək olar ki, bu irəliləyişlər xəyalidir. Brüssel istəyir ki, Ermənistanı Rusiyadan maksimal dərəcədə qoparsın, ittifaq zəncirlərini zəiflətsin, qarşılıqlı etibarsızlıq toxumları əkmək və bununla da Rusiyanın Zaqafqaziyada təsirlərini azaltsın. Lakin belə bir sual yaranır. Əgər Rusiya regiondan tamamilə getsə, onun yerinə kim gələcək?”

Ekspert hesab edir ki, Brüsselin bu regionla bağlı bugünkü gündə elə bir marağı yoxdur. Avropa Birliyinin Ermənistana əsl münasibətinə gəlincə isə Skakov Ramil Səfərov məsələsində bunun bir daha nümayiş olunduğunu xatırladıb.

Rusiyalı ekspertin fikrincə bugünkü gündə heç kim İsrailin İrana hücum niyyətinə, eləcə də Azərbaycanın Dağlıq Qarabağa hücum planına təsir edə bilməz: “Hərçənd ki, elə düşünürlər ki, Minsk qrupu və digər dünya oyunçuları öz istəklərinə uyğun olaraq nəinki Bakıya, eləcə də Dağlıq Qarabağ danışıqlar prosesinin bütün tərəflərinə həqiqi təsir edə bilərlər”.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir irəliləyiş əldə edilmədiyini qeyd edən ekspert hesab edir ki, münaqişə tərəflərinə beynəlxalq təzyiq açıq-aydın azdır.

İrana hücum olunacağı təqdirdə regionda yarana biləcək situasiyanı şərh edən ekspert bildirib ki, regiondakı ümumi qeyri-stabillik Dağlıq Qarabağa hücum etmək üçün Azərbaycana əla imkan verəcək: “Əgər o bu imkandan istifadə etməsə, bu, məntiqsiz qərar olardı. Bəzi qiymətləndirmələrə görə, belə bir hücumla bağlı Bakı artıq prinsipial qərar qəbul edib. Məsələ sadəcə onun tarixindədi. Əbəs yerə deyil ki, Bakı bütün dünya mərkəzlərini fəal şəkildə inandırır ki, Rusiya heç vaxt potensial olaraq mümkün erməni-Azərbaycan münaqişəsinə qarışmayacaq”.