“Ermənistanda mənə hədsiz nifrət edirlər” - Ayaz Mütəllibov

ermenistanda-mene-hedsiz-nifret-edirler
Oxunma sayı: 3928

“Dağlıq Qarabağın erməni yaraqlılarından təmizlənməsi üçün Çaykənd əməliyyatını keçirdiyimə görə Ermənistanda mənə hədsiz nifrət edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Virtualaz.org-a Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.

Siyasətçi erməni ictimai xadim Marina Qriqoryanın onu qiyabi həbsə məhkum etmək və beynəlxalq axtarışa vermək tələbinə münasibət bildirərkən belə deyib.

“Təcavüzkar tərəfindən tutulmuş torpaqlarımızı azad etmək – bizim suveren hüququmuzdur. Nə o vaxt, nə də indi heç kəs Dağlıq Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasını ləğv etməyib”, - Azərbaycanın sabiq başçısı vurğulayıb.

A.Mütəllibov bildirib ki, Azərbaycan əraziləri erməni işğalı altındadır və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına görə məhz ermənilər məsuliyyət daşıyırlar.

“Əgər onlar Dağlıq Qarabağı zəbt ediblərsə, onda onun əhalisi ilə bağlı bütün baş vermişlərə və verənlərə görə cavab verməlidirlər. Qarabağ ətrafındakı ərazilərdə yaşayan azərbaycanlılar ermənilər tərəfindən daim terror aktlarına məruz qalırlar, Azərbaycan kəndləri atəşə tutulur, dinc sakinləri məhv olurlar”, - sabiq prezident xatırladıb.

1990-cı ilin yanvar hadisələrinə gəlincə, Mütəllibov bildirib ki, onunla birbaşa əlaqəsi ola bilməzdi: “Mən 1989-cu ilin yanvarında baş nazir təyin edilmişdim və sırf təsərrüfat məsələləri ilə məşğul olurdum”.