Ermənistanda nə baş verir?..

ermenistanda-ne-bas-verir
Oxunma sayı: 662

Təbii ki, əsas ciddi namizədlərin seçkiyə qatılması Sarkisyan üçün rahat seçki keçirməkdir amma bu seçkini qərb və beynəlxalq təşkilatlar tanıyacaqmı önəmlisi odur. Görünən də odur ki, bu seçki 20 ildə Ermənistanda keçiriləcək ən sönük və nəticəsi əvvəlcədən bəlli olan prezident seçkiləri kimi tarixə düşəcək...

Sərkisyan son zamanlarda Rusiyanın Avrasiya İttifaqında iştirak etmə tələbi ilə qarşılaşır və ciddi bir dilemma qarşısındadır. Avrasiya İttifaqına üzv olarsa, Avropa İttifaqı ilə münasibətlərində ciddi problemlər yaşana bilər. Bu zaman Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir çox layihə dayandırıla bilər. Avropa İttifaqı Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa çalışdığı bir zamanda Ermənistanın Avrasiya İttifaqına inteqrasiya olması onsuz da böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatında dərin izlər buraxa bilər. Rusiyanın Ermənistanı Avrasiya İttifaqına dəvət etdiyi və prezident seçkilərinin keçiriləcəyi ərəfədə bu ölkəyə satdığı təbii qazın qiymətinin qaldırılması məsələsini gündəmə gətirməsi də olduqca düşündürücüdür.

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin qələbə qazanması da Ermənistan müxalifətinin tələblərinin sərtləşməsinə səbəb oldu. Artıq müxalifət prezident seçkilərinin şəffaf və demokratik bir şəraitdə keçirilməsi üçün müəyyən qədər akivləşib. Ancaq nəticəni dəyişmək üçün bu əlbəttə ki, yetərli deyildir. Müxalifət liderlərinin ABŞ və Avropa dövlətlərinin səfirləri ilə mütəmadi görüşməsi də Sərkisyanı narahat edir.

Sərkisyan prezident olduğu birinci beşillikdə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün lazımi siyasi iradə nümayiş etdirə bilmədi. Ermənistanın iqtidar və müxalifət siyasi eliti Qarabağ problemi həll olunmadan Ermənistanın sosial, siyasi, iqtisadi və təhlükəsizlik probleminin həll olunmayacağını bilir. Amma hökumət bu məsələnin həll olunması üçün radikal addım atmaqdan çəkinir. 20 ildən çoxdur ki, Ermənistan ictimai rəyinə qondarma DQR-in “müstəqil” dövlət olduğunu təlqin edən hökumət, Erməni xalqına həqiqətləri deməyə cəsarət etmir. Belə ki, həqiqəti demək istəyən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın aqibəti hamıya məlumdur.

Bundan əvvəlki prezident seçkilərində xarici dövlətlərin seçkilərə müdaxilə etmək imkanı daha geniş olsa da, bu seçkilərdə sadəcə Rusiyanın adamı olduğu bilinən Sərkisyan əsas personaj olaraq qalmaqda davam edir. Prezident seçkilərində namizədlərlə bağlı nə ABŞ, nə də, Avropa dövlətlərinin heç biri rəy bildirməmişdir. Məsələ ilə bağlı verilən bəyanatlarda prezident seçkilərinin demokratik bir şəraitdə keçirilməsinin və nəticələrinin legitim olması məsələsi xüsusilə vurğulanmışdır. Görünən odur ki, Rusiyanın namizədliyini dəstəklədiyi Sərkisyan ABŞ və Avropa dövlətlərini də müəyyən qədər qane edir.