“Ermənistanın 15 gün vaxtı qalıb”

ermenistanin-15-gun-vaxti-qalib
Oxunma sayı: 3753


“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– Novruz müəllim, ötən gün Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsası qoyuldu. Mətbuatda bu qurumun təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına Azərbaycan Prezidentinin də məktub ünvanlaması barədə məlumatlar yer alıb. Bu cür məlumatlar nə qədər doğrudur?

 – İlk növbədə onu qeyd edim ki, Azərbaycan bu gün dünyada və regionda gedən bütün prosesləri izləyir, təhlil edir və bundan müəyyən nəticələr çıxarıb, gələcək üçün müvafiq işlər görür.

Onu da qeyd edim ki, ötən gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də bildirdiyi kimi, Rusiya, Qazaxıstan və Belarusun dövlət başçıları Azərbaycan Prezidentindən məktub alıblar. Doğrudan da, Azərbaycan Prezidenti adından belə bir məktub göndərilib.

Bildiyimiz kimi, sözügedən üç dövlət Avrasiya İqtisadi İttifaqını yaradır. Bu, onların öz müstəqil işidir və burada heç bir problem yoxdur. Ancaq  bizi narahat edən məsələ odur ki, Avropa İttifaqına vəd verən və bu təşkilata üzv olmaq üçün çalışdığını bildirən Ermənistan rəhbəri birdən-birə qərarını dəyişib Avrasiya İqtisadi İttifaqına qoşulmaq barədə mövqe nümayiş etdirir. Əlbəttə ki, burada bizi əsas narahat edən məqam odur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib və indi də işğalçılıq siyasətini davam etdirir. Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir. Bu gün dünyada baş verən münaqişələrin əsas səbəblərindən biri də indiki beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın olmamasıdır. Bu ədalətli yanaşmanın olmaması müxtəlif yerlərdə gərgin situasiyaların və qaynar nöqtələrin yaranmasına gətirib çıxarır. Əslində, Ukraynada baş verən proseslər də həmin yanaşmanın nəticəsidir.

Ədalətli yanaşmanın mövcud olmaması ilə bağlı Ermənistana gəldikdə, onu deyə bilərəm ki, indiyədək ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, bu il mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının, İslam Əməkdaşlıq Təşkilatının, NATO-nun, Avropa İttifaqının və sairə təşkilatların mövqeyi var. Yəni dünyanın bütün dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə hələ də əməl etmir. Bu cür münasibətlərin də əsas səbəbi həmin böyük dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların yalnız kağız üzərində qalmasıdır.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə bəyan ediblər ki, indiki status-kvo bu münaqişədə qala bilməz. Ancaq təkcə məsələ bəyan etməklə bitmir. Gərək onun həlli üçün də müvafiq addımlar atılsın. Bütün bunlar da bizi çox narahat edir.

Ancaq Ermənistan tam əmin olmalıdır ki, gec-tez biz öz torpaqlarımızı geri qaytaracağıq. Çünki beynəlxalq hüquq da bunu tələb edir. Ermənistan rəhbərləri də artıq başlarını tamam itiriblər. Onların yürütdüyü siyasət həm özlərini, həm də Ermənistan əhalisini fəlakətə aparır. Ancaq bununla belə, Azərbaycan tərəfi öz uğurlu siyasətini davam etdirir.

Bildiyiniz kimi, Avrasiya İqtisadi İttifaqının yaradılması ərəfəsində Azərbaycan Prezidenti Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına məktub göndərib. Həmin məktubda ümumi formada Ermənistanın işğalçılıq siyasəti də qeyd olunur. Məktubda həmin dövlətlərin başçılarına müraciət olunur ki, siz beynəlxalq hüququ müdafiə edən dövlət başçıları olduğunuz üçün, Azərbaycanın bu mövqeyi nəzərə alınmalıdır. Yəni əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyirsə, o zaman BMT-nin üzvü olduğu şərtlərlə bu təşkilata daxil ola bilər. Bunun əksinə atılan addımlar isə Azərbaycanın maraqlarına zidd olacaq. Təbii ki, Azərbaycan da bunu heç vaxt qəbul etməyəcək. Yəni həmin məktubda göstərilir ki, biz sizinlə yaxın tərəfdaş dövlətlərik və siz də bu proseslərdə yaxından iştirak etmiş dövlətlərsiniz. Odur ki, yeni bir narahatçılığın yaranmasına sözügedən dövlətlər imkan verməsin. Məktubda bu məsələ xahiş olunur. Həmin dövlətlərin başçıları da sözügedən məktuba ilk reaksiya veriblər və bu məsələni nəzərə alacaqlarını bildiriblər. Bu isə bizim üçün çox müsbətdir.

– Avrasiya İqtisadi İttifaqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hər hansı təsiri və ya töhfəsi ola bilərmi?

– Bilirsiniz, Avrasiya İqtisadi İttifaqının yaradılması başqa bir prosesdir. Ancaq hazırda burada təmsil olunan dövlətlərin hər biri ilə Azərbaycanın yaxşı və strateji əlaqələri var. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurum isə ATƏT-in Minsk qrupudur. Minsk qrupunda isə ABŞ, Rusiya və Fransa kimi güclü dövlətlər var. Bu dövlətlərin iradəsindən çox şey asılıdır. Yəni bu dövlətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində konkret mövqe ortaya qoysaydı, o zaman Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapmışdı. Çox təəssüflər olsun ki, indiki mövcud olan münaqişələrin əksəriyyətində ədalətsiz yanaşma var. Bu gün baş verən beynəlxalq münasibətlərdə geosiyasi iddialar daha çox yer tutur. Bütün siyasi, iqtisadi və digər proseslər geosiyasi iddialardan fərqlənir. Yəni geosiyasi iddialar həddindən çox olduğu üçün də münaqişələr yaranır. İndi söhbət hər hansı qurumdan yox, Dağlıq Qarabağ münaqişəsinin həllinə ədalətli münasibətin, nəhayət ki, göstərilməsindən gedir. Əgər bu münasibət mövcud olarsa, o zaman tezliklə Dağlıq Qarabağ münaqişəsi də həll olunar. Ancaq bu, “indi sözügedən münasibət yoxdursa, daha münaqişə həll olunmayacaq” demək deyil. Münaqişə gec-tez həll olunacaq. Ermənistan rəhbərliyi də başa düşməlidir ki, indiki avantürist siyasətləri onları gec-tez böyük faciələrə aparacaq. Ermənistan rəhbərliyi ağılını itirib və indi baş verən proseslərin gələcəyini görə bilmir.

– Bir sıra siyasi şərhçilər tərəfindən belə bir fikir səslənir ki, guya, Rusiya Azərbaycana Qarabağ münaqişəsinin həll olunması ilə bağlı vədlər verib, əvəzində isə ölkəmizin də Avrasiya İqtisadi İttifaqına qoşulmağın təklif edib. Bu cür fikirlər nə qədər reallığı əks etdirir?

– Bilirsiniz, bu cür fikirlər hər hansı jurnalistin və ya siyasətçinin şəxsi fikirləri və ya bəyanatlarıdır. Azərbaycanın daxili və xarici siyasət kursu bütün dünyaya məlumdur. Eyni zamanda bizim Rusiya Federasiyası ilə də münasibətlərimiz çox yüksək səviyyədə, hətta strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir.

Rusiya ilə bütün sahələrdə əla və yüksək səviyyəli əməkdaşlığımız mövcuddur. Hazırda da bu əlaqələri davam etdiririk. Sizin dediyiniz o məsələlərlə bağlı mənim hər hansı şərh verməyim də düzgün olmaz.

– Ötən gün erməni mediası Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinə işğala son qoymaq üçün 15 gün vaxt verməsi barədə məlumat yayıb. Yayılan məlumatlara münasibətiniz necədir?

– Biz heç kimə 15 gün vaxt verməmişik. Bildiyim qədər, Ermənistana 15 gün vaxt onların Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı verilib. Çünki bu qurumla bağlı qeyd olunur ki, Ermənistan da Avrasiya İqtisadi İttifaqına tezliklə üzv olmalıdır. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olarsa, o zaman Azərbaycan tərəfi bununla bağlı öz şərtlərini irəli sürüb. Azərbaycanın da şərtləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması ilə bağlıdır. Bununla bağlı isə, doğrudan da, Ermənistan tərəfi çox narahat olub. Ermənistanın 15 gün vaxtı qalıb. Burada söhbət ondan gedir ki, Ermənistan öz ərazisi ilə Azərbaycanın maraqlarına zidd addım atmasın. Şübhəsiz ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması qəbul edilməzdir. Bu, beynəlxalq aləmdə yeni bir problem yarada bilər.

Digər tərəfdən isə, həmin qurumun özünün statusunu və gələcək perspektivini ilk vaxtlarından zəiflədə bilər.