“Ermənistanın XİN rəhbəri özü-özünü ifşa edir”

ermenistanin-xin-rehberi-ozu-ozunu-ifsa-edir
Oxunma sayı: 1304

“Ermənistan xarici işlər naziri Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir”.
 
Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
 
Qurum rəsmisi qeyd edib ki, bir tərəfdən münaqişədə tərəf kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir: “Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi vardır? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər.
 
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür”.