Ermənistanla Rusiya arasında daha bir razılaşma

ermenistanla-rusiya-arasinda-daha-bir-razilasma
Oxunma sayı: 641

Sazişə əsasən, silah, hərbi və xüsusi texnikanın işləyib hazırlanması, istehsalı, təmiri və modernləşdirilməsi üçün tərəflər bir birini lazımi material, yarımfabrikat, avadanlıq, komplektləşdirmə və ehtiyat hissələri ilə təchiz edəcəklər.

Maraqlıdır ki, sazişin şərtlərindən birinə əsasən, tərəflərin bir birinə ötürdükləri material və avadanlığın başqa bir ölkəyə ötürülməsi üçün qabaqcadan təchiz edən tərəfin yazılı surətdə icazəsi alınmalıdır.
Ermənistan-Rusiya müdafiə sahəsində əməkdaşlığı haqqında sənəd Rusiyanın artıq vəzifədən azad edilmiş müdafiə naziri Anatoli Serdyukovun Yerevana səfərindən sonra hazırlanıb.

Sentyabrın ortalarında A. Serdyukov Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Operativ Reaksiya Qüvvələrinin təlimində iştirak edib. O, Ermənistan müdafiə naziri ilə birgə mətbuat konfransında ikitərəfli danışıqlar keçirildiyi və müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunduğunu bildirmişdi.

Qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan hərbi sənaye sahəsində əməkdaşlıq haqqında bir sıra başqa razılaşmalar da əldə edib.

Oktyabrın 17-də İtaliya müdafiə nazirinin Yerevana səfəri zamanı Ermənistanla İtaliya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Təxminən iki həftə bundan sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Yerevanda səfərdə olan ABŞ Dəniz Donanması Qüvvələri katibi Rey Mabus arasında danışıqlardan sonra yaxın gələcəkdə iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq başlanacağı bəyan edilib./BBCAzərbaycanca/