ƏSA-ya söykənən cəmiyyət

esa-ya-soykenen-cemiyyet
Oxunma sayı: 2232

Noyabrın ilk günlərindən birində həyat yoldaşım dedi ki, ƏSA Teatrının məşqində olub. Doğrusu bu teatr haqqında heç bir məlumatım yox idi. Teatrın inklüziv olmağı diqqətimi çəkdi. İnternetdə araşdıranda məlum oldu ki, regionda ilk və həm də tək inklüziv teatr ƏSA-dır. Hətta qonşu Gürcüstanda inklüziv teatr hələ gələn il yaradılacaq. Yoldaşım teatrın hazırladığı “Adamlar və siçanlar” tamaşasından danışanda marağımı nəzərə alıb söz verdi ki, məni məşqlərə aparacaq. Tərslikdən kiçik bir məişət qəzasıyla ayağımı yandırdım və bu qəza ƏSA-nın məşqlərini görməyimə mane oldu. Yeganə təsəllim tamaşanın premyerasında baxmağa qaldı. Dekabrın 19-da ölkənin ən böyük teatr səhnəsinə malik Akademik Opera və Balet Teatrında Amerikalı yazıçı Con Steynbekin “Adamlar və siçanlar” tamaşasına böyük zövqlə baxdım. Etiraf edim ki, son illərdə heç bir tamaşa məni bu qədər valeh etməmişdi. 

 
Əvvala ondan başlayım ki, tamaşanın aktyor heyəti əlilliyi olan şəxslərdən ibarət olmasına baxmayaraq, səhnədə çox rahat və məhdudiyyətsiz idi. Onların əngəlsiz davranışları bütün tamaşaçılar kimi məni də heyran etdi. Digər bir tərəfdən isə rejissorun gənc olması tamaşaya marağı xüsusi artırmışdı. Fransız filosofu, ədəbiyyat nəzəriyyəçisi Jak Derridanın teatr haqqında dediyi “üç fiqur - rejissor, aktyor, tamaşaçı olmadan dram mətni mənadan mərhum olur” fikri elə bil ƏSA Teatrının “Adamlar və siçanlar” tamaşası haqqında deyilib. Çünki quruluşçu rejissorun istədiyini səhnədə öz emosiyalı oyunları ilə yaradan aktyorlardan zalda əyləşən tamaşaçılar asanlıqla qəbul edirdilər. Adətən ölkə teatrlarında hətta anşlaqla keçən tamaşalarda belə baxmaqdan çox söhbətə gələnlərin pıçhapıçları ucbatından tamaşaçı səhnəyə konsentrasiya ola bilmir. Amma “Adamlar və siçanlar”ın premyerasında hamı bir nəfər kimi səhnədə baş verənləri izləyirdi. Əslində bu, sosial statusundan asılı olmayaraq bütün cəmiyyətin ƏSA Teatrına olan diqqətinin göstəricisi olmaqla yanaşı, Derridanın dediyi üç fiqurun – rejissor, aktyor və tamaşaçının həmin an səhnədə olan birliyini sübut edirdi. Sevindirici haldır ki, insanlığa məxsus ən yüksək mənəvi keyfiyyətləri aşılayan pafossuz tamaşaya cəmiyyət dəyər verirdi. 

ƏSA Teatrı qısa müddət ərzində inkişaf edib, bu cür tamaşa hazırlayacaq səviyyəyə çatıbsa və mədəniyyətimizə töhfə vermək gücünü nümayiş etdirirsə, demək fiziki əngəlli insanları cəmiyyətə - mədəni həyata inteqrasiya etmək düşünüldüyü qədər çətin deyil. Sadəcə ƏSA Teatrını yaradan gənclər - Nihadla Nicat qədər təpərli olmaq kifayətdir. Sonra cəmiyyət özü onu yıxılmağa qoymayan ƏSA-ya söykənəcək. Qazanan isə bütövlükdə Azərbaycan mədəniyyəti olacaq. İncəsənət naminə səhnədə Ə-ngəlsiz, S-ərhədsiz, A-zad olanlar ən böyük tamaşaçı alqışlarına layiqdir.

ƏSA Teatrına – onu yaradan və yaşadan gənclərə gələcək işlərində uğurlar! Yeni ildə növbəti tamaşalarda... 

Aynurə Xanəlizadə