“Əsas sərmayəni infrastruktur və nəqliyyat sektoruna yatırdıq” - İlham Əliyev

esas-sermayeni-infrastruktur-ve-neqliyyat-sektoruna-yatirdiq
Oxunma sayı: 1007

“Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib. Dövlət başçısı Azərbaycanda əsas sərmayənin infrastruktur və nəqliyyat sektoruna yatırıldığını bildirib:

“Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.

Coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

İ.Əliyev Çinin “bir kəmər bir yol” təşəbbüsünün əhəmiyyətindən də danışıb:

““Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Ümid edirəm ki, “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq”.