Əsgər, bizi sevindir!

esger-bizi-sevindir
Oxunma sayı: 4940

Xuraman Hüseynzadə

Başdaşı ilə selfi çəkdirənləri, qəmgin statuslar, yazılar yazanları qınamayaq artıq.

Biz sevincə təşnəyik...

Əsgərlərimiz ovqatımızı tamam dəyişdi bu günlər. Sübut elədilər ki, bu yurdu, bu torpağı necə sevirik!

Saxta vətənpərvərlikdən, pafosdan söhbət gedə bilməz. Biz Qarabağa qovuşacağımıza inanırıq...

İndi hamının qarabağlı olduğu dönəmdir. Heç belə ruh yüksəkliyi ilə vətənin müdafiəsinə qalxmamışdıq.

Birinci Qarabağ müharibəsində “ermənilər gəlir” deyiləndə təşvişə düşürdük. İndi bu bizi qətiyyən təşvişə salmır, qorxutmur. Əksinə, yaşlı qadınlar belə ön cəbhədə əsgərlərə paltar yuyacaqlarını, yemək bişirəcəklərini deyirlər; ağsaqqallar, yeniyetmələr, gənclər ön cəbhəyə getməyə, döyüşməyə hazırdır. Hamımız Qarabağı istəyirik...
Ən əsası, biz Qarabağı geri qaytaracağımıza əminik.

Sevinmək istəyirik...

Bu sevinci bizə indi yalnız Qarabağa addım-addım yaxınlaşmaq, bayrağımızı işğaldan azad etdiyimiz yerlərdə dalğalandırmaq bəxş edə bilər.

Xaricdə yaşayan doğmalarımız, tanışlarımız-soydaşlarımız müharibə başlasa, qayıdıb vətənə gələcəklərini deyirlər. Burda pafosdan söhbət belə gedə bilməz. İnsanlar utanır qarabağsızlıqdan. Darıxırlar o yerlərdən ötrü...

Nə qədər qarabağlı “Qarabağ” deyə-deyə köçdü dünyadan...

Kəklikotuda, qantəpərdə, quzuqulağında, yemlikdə... axtardılar o yerlərin ətrini, dadını.

Cənnət kimi yerlərdən gəlib vaqonlara, çadırlara sığındılar illərlə.

Qocaldılar, xəstə düşdülər.

Gedən nisgilini apardı özüylə, qalan ümidini üzmədi...

***
Sosial şəbəkələrdə profil şəkilləri bayrağımıza bürünüb.
Hamı ön cəbhəyə getməyə hazır olduğunu yazır.
Necə gözəl hissdir!
Kaş ki, ümidlərimiz, arzularımız ölməsin.
Profil şəkillərini bəzəyən bayrağımız Qarabağımızda dalğalansın.

***
O yerlərdə çəkdirdiyimiz ağ-qara şəkillər saralıb.
Qarabağı gördüyümüz yuxular köhnəlib.
Ürəyimiz qubar bağlayıb.
Bu bahar günlərində göyərən bircə arzularımızdı...
Arzularımızın gerçək olmasını istəyirik!
Qarabağa gedəcəyimizə inanırıq!
Sevinmək bizim də haqqımızdı...