Əsgər ölümünə üçüncü status

esger-olumune-ucuncu-status
Oxunma sayı: 2033


Bu ilin mart ayında ordumuzdakı müəmmalı əsgər ölümləri ilə bağlı Facebook səhifəmdə yazdığım və müxtəlif sosial şəbəkələrdə, mətbuat orqanlarında, televiziya kanallarında müzakirə olunan iki statusdan sonra, hələ də səngimək bilməyən telefon zənglərini dinləyə-dinləyə, internet ünvanıma göndərilən məktubları oxuya-oxuya bu nəticəyə gəldim ki, sən demə, ölkədə hamı demokratik təfəkkürlü, işgüzar, şərəf və ləyaqətli imiş, yeganə totalitar düşüncəli, Oblomov sindiromuna yoluxub heç bir işin qulpundan yapışmayan, şərəf və ləyaqətin nə olduğunu bilməyən bir vətəndaş var imişsə, o da mən imişəm.

Uzunçuluq etməyib, bu yazıda bəzi mətləbləri aydınlaşdırmağa çalışacağam. 2013-ci il martın 10-da Daşkəsən payonu ərazisində yerləşən N saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun döyülərək öldürülməsinə Bakıda etiraz edən, özlərinə “demokratik düşüncəli gənclik” yarlığı yapışdırsalar da, müxtəlif siyasi ambisiyalı qüvvələrin “Fatı qalx, Fatı otur” göstərişlərini mütəmadi olaraq Azərbaycanda həyata keçirmək istəyən və bu qüvvələrdən aldıqları maddi, siyasi dəstək hesabına günorta yeməyini ABŞ-da, şam yeməyini Vyanada qaşıqlayan bir qrup Facebook fəalı aksiya keçirdi. “Siyasi-inqilabi ideologiyası” İlham Əliyev istefa veməlidir bağırtısı ilə məhdudlaşan, əsgər ölümünə etiraz etmələrinə baxmayaraq, əksəriyyətinin neqativ yollarla hərbi xidmətdən yayındığından xəbərdar olduğum, çoxunu şəxsən tanıdığım, vətənə deyil, kimlərinsə siyasi maraqlarına əsgərlik edərək, özlərinin siyasi karantin müddətini yaşayan bu sütül gənclərin əsgər ölümünü bəhanə edib hay-həşir qoparmalarına etiraz olaraq belə bir status yazmışdım: “Gənclər, guya, əsgər ölümü ilə bağlı aksiya keçirirlər. Ancaq əsgər ölümü iki il, üç il bundan əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Niyə səslərini çıxarmırdılar? Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər? Gənc bir əsgərin ölümünün üstündən siyasət yapmaq istəyirlər. Mən yaxşı bilirəm ki, bu gənclik hansı sosial qüvvələrin əlində oyuncaqdır. İplə oynadılan kuklalardır, elə bil. Siyasətin kukla teatrıdır bu”.

Bu statusdan dərhal sonra “üsyankar” gənclər öldürülməsinə etiraz etdikləri əsgərin meyitini yaddan çıxarıb telefon və internet vasitəsilə məni söyüş və təhqir, hədə-qorxu doldurulmuş mərmilərlə “top atəşinə” tutdular ki, guya, mən məqsədli şəkildə gəncliyin əl-qolunu bu “mübarizədən” soyutmaq, hakimiyyətin dəyirmanına su töküb özümü ağ günə çıxarmaq üçün belə bir status yazmışam. Guya, oturub yol gözləyirmişəm ki, kiminsə övladı hərbi xidmətdə ölsün, bizim “neqodnı”lar buna etiraz etsin və mən də əlimə girəvə düşmüşkən hakimiyyətə yarınım. Belə çıxır ki, ölü və diri olmasından asılı olmayaraq, kimsə bu siyasi “neqrlərin” çaldığı havaya oynamırsa, satqındı, şərəfsiz və ləyaqətsizdir.

Mən isə bu statusu yazmaqla əl-qollarını mübarizədən “soyutduğum” və aylar keçsə də hələ də özlərinə gələ bilməyən facebookçu gənclərimizin halına acıyır, hamısından üzr diləyir və bildirirəm ki, mübarizə dediyiniz siçan-pişik oyununu gözdən salmaq məqsədim olsa, heç fələk də bunun qarşısını ala bilməz!

Bu statusun həngaməsindən iki gün keçməmiş daha bir əsgərin, bu dəfə qohumum Niftizadə Elvinin xidmət etdiyi hərbi hissədə ölməsi xəbəri gəldi. Hərbi hissə rəhbərliyinin ilk versiya kimi əsgərin ölümünə nahar yeməyi fasiləsində təzyiqinin kəskin düşməsini səbəb göstərməsi valideyinlərində istər-istəməz şübhə yaratmışdı və telefon söhbətləri zamanı onlar mənə meyitin baş nahiyyəsində zədə izlərinin olduğunu demişdilər. Onların bu şübhəsinin də səbəbi aydın idi; son zamanlar orduda baş verən neqativ stuasiyalarda ölən, öldürülən əsgərlərlə bağlı informasiyaların həm mətbu orqanlarda, həm də vətəndaşlar arasında yayılması əsgər valideynlərinin bu cür şübhələrə qapılmasına əsas verir. Adi bir fakt: “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, ordumuz 2012-ci ilin əvvəlindən bu günə kimi 55 nəfər itki verib. Həlak olanların cəmi 12 nəfəri döyüş, 2-si mina, 1-i əməliyyat, 40 nəfəri isə qeyri-döyüş itkiləridir. Dünyasını dəyişənlərin 72 faizi qeyri-döyüş şəraitində ölüb”. Bu məlumat müxtəlif mətbu orqanlarda yayımlanıb və bunu oxuyan valideyn əsgər oğlunun ölümündən niyə də şübhələnməməlidir?

Əsgərin meyiti doğulduğu rayonda yuyulub dəfn olunarkən qohumlarımın gərgin stress vəziyyətində telefonda söylədiklərinə əsaslanıb, onlara təsəlli xatirinə ikinci belə bir status yazmışdım: “Onun yalnız baş hissəsində ağır zərbənin izləri var. Artıq əsgərin cəsədi doğulduğu kəndə aparlıb. Mən öz tayfamızı tanıyıram, onu öldürən adamın aqibəti yaxşı olmayacaq, çıxsın üzə və gedib həbsxanada gizlənsin”. Bu status da dərhal mövzuya həssas olan medianın səhifələrində möhürləndi. Bir çox xəbər saytları, qəzetlər bu statusa istinad edərək hadisəni araşdırmağa başladı və birinci statusda etirazçı gəncliyin ittihamlarına tuş gəlmişdimsə, ikinci statusdan sonra hərbi həssə rəhbərliyinin qınağına hədəf oldum. Hərbi hissə rəhbərliyi göndərdiyi rəsmi məktubunda və telefon söhbətlərində məni əsgər qohumumun ölümündən faydalanıb məqsədli şəkildə özümü reklam etdirməkdə, yalan və böhtan xarakterli informasiya yayaraq hərbi hissənin döyüş ruhunu və işgüzar nüfuzunu sarsıtmaqda, hətta dövlətin təhlükəsizliyinə qəsd etməkdə qınadı. Halbuki yazdığım statusda nə hərbi hissənin nömrəsi, nə də hərbi hissə komandirinin adı var idi. Facebook sosial şəbəkəsinin informasiya mənbəyi hesab olunmadığını və yazdığım statusda konkret olaraq günahkar qismində kiminsə adının, ünvanının göstərilməməsi, buna baxmayaraq, qınaq obyektinə çevrilməyimi anlaya bilmədim doğrusu.

Nəhayət, məhkəmə tibbi ekspertizasının və istintaqın gedişini yaxından izləyən mərhum əsgərin valideyinləri bu yaxınlarda zəng vurub bildirdilər ki, hər şey obyektiv şəkildə, yəni onların gözləri qabağında araşdırılıb və əsgərin döyülərək öldürülməsi faktı aşkar olunmayıb. Başının arxasındakı zədə isə beynindən götürülən analiz yerinin tikişləri imiş. Onu da xahiş etdilər ki, həm özümün, həm də onların adından dəfn zamanı əsəbi-emosional vəziyyətdə söylədikləri və mənim yazdığım status vasitəsilə informasiya orqanlarında yer alan xəbərlər heç bir konkret fakta əsaslanmadığı üçün media qurumlarına və hərbi hissə rəhbərliyinə üzrxahlıq edim. Özüm də Milli Ordunun hazırda ehtiyyatda olan zabiti kimibilirəm ki, belə hadisələr zamanı həm valideynlər, həm hərbi hissə rəhbərliyi necə depressiv vəziyyətə düşür. Buna görə də “Allahınkını Allaha, Qeysərinkini Qeysərə” demokratik prinsipinə əsaslanıb üçüncü statusumu sonda qeyd edirəm: “Keçmiş olsun!”