Əsgərimiz niyə ölür?

esgerimiz-niye-olur
Oxunma sayı: 1649


Ölkədə yaxşı bazarlıq gedir. Qeyrət də, namus da, doğru da, yalan da, əxlaq da, vicdan da bazara çıxarılıb. Alıcısı , stıcısı bol bazar. Əsgər də bazara çıxarılıb. Pulu olan gəlsin.

Mənim əsgərim kimlər olur? Çayxanada gününü keçirən, qulaqcıqla dolaşan(musiqisiz qala bilməyən), lap elə dərs oxumaqdan başı açılmayan, Vətən anlayışını əzbərə bilən , “Vətən məni bu ellərə yolladı....” əsgər marşından azca da olsa xəbəri olan, olmayan. Onların valideynləri isə yenə restoranlarda qarın dolduran, pulunun sayını bilməyən, ya da bir qarın yeməyə həsrət qalan, nahar ilə şamı birləşdirib puluna qənaət edən kəslərdir. Hər ikisinə övladı şirindir. Amma hər ikisi də əsgər yola salmaq, əsgər atası, anası olmaq arzusunda deyil. Bunun səbəbini isə hamımız lap yaxşı bilirik. Yaxşı bilirik ki, az əsgərimiz Vətən uğrunda xidməti könüllü istəsə də, ora candərdi yollanır. Valideyn və əsgər bağrı yarıla –yarıla xidmətin tezliklə başa çatmasına tələsirlər.

Əsgərin qara xəbəri kimi ürək dağlayan an ola bilməz. Deyirlər, əsgər xidməti müddətində ölə də bilər, qala da bilər. Bəs döyüşün və mərminin nə olduğunu tam öyrənməyən, müharibənin kandarında qalan əsgərin ölməsini kim izah edər? Oğlan uşaqlarını bunun üçünmü ata arzulayır, dirəşir, dunyaya gətirdir. “Öğlum olmasa səni boşayaram”, “məni oğul atası et” kimi təkidlərlə həyat yoldaşını “oğul anası”na çevirir. O ana da bir gün əsgər anası olmasını ürəkdən arzulamasa belə ailənin “cibinə” baxır, sağlam və ya xəstə övladını xidmətə göndərir. “Sağlam” olmayan hərbi xidmətdə “yiyəsiz” əsgər “daş” kimi olsa belə onu xəmirə çevirirlər. Xəmirsə çox su aparır. Səsini çıxarmayan sıravi əsgər pulunu verib rahat yerlərdə vaxtını keçirən “əsgər”in işini görür.

Bizim əsgər çox halda hərbi xidmətə yox, şəxsi xidmətə yollanır. Ata-anası yola salanda da “a bala nə desələr, səsini çıxartma, başını sal işini gör” nəsihətini verir. Əsgər də “hərbi” xidmətdə əl uşağına çevrilir, onu əsgərdən başqa hər çür simada işlədirlər. Əsgər güllə ilə davranmaq əvəzinə, sillə ilə üzləşməməyi öyrənir. Təssərrüfat işlərində çalışır, bir az arıqlayır, dözür və bir gün də heç dözmür.

Mənim əsgərim müvəqqəti vəzifəsini yerinə yetirmək üçün getdiyini başa düşmür. Çünki heç torpaqlarının işğal altında olduğunu belə yaxşı dərk etmir. Elan olunmamış “sakit” müharibənin elan edilmiş əsgəri avtomatını hansı tərəfə yönəldəcəyini belə bilmir. Çünki əsgər müharibənin nə olduğunu, müharibədə ölməyin də mümkünlüyünü başa düşmür. Evdəki rahatlığını xidmətdə arzulasa da, olmayacağını əla anlayır. Əsgər Robinzon Kruzo kimi gününü sayır, bununsa ailəsinə, doğmalarına qovuşmaqla əlaqəsi yoxdur. Əsgər boyunduruq, təhqir, işgəncədən qurtulmaq istəyir. Əsgər dözmək, səbirli, əzmkar olmaq üçün xidmətdədir. Amma bunların heç birini hədəfləyə bilmir. Əsgərə insan kimi yanaşılan gün bu gün deyil.

Gör nə aləm gəlib ki, hərbi xidmətdə əsgər heç Vətən üçün ölə də bilmir. Şəhid olub ata-ananın başını uca, adını əbədiləşdirə bilmir. Deyirlər, sonunu bilməyən qəhrəman olmaz. Amma bizim əsgərə nə qəhrəmanlıq göstərmək üçün meydan verilir, nə də cəsarət. Sonu isə sadə və cılız ölüm olur. Təəssüf.....

Əsgərimizin ölüm xəbəri adi xəbərə çevrilib. Hər belə xəbəri eşidəndə, oxuyanda hər kəs ölüm səbəbini öyrənməyə tələsir. Bu ölümün səbəbi isə ya intihar, ya da ehtiyyatsızlıq üzündən baş verən qəza olur. Əsgər xidmətdə ehtiyyatda olan hərbiçi kimi hazırlanmaq əvəzinə, ehtiyyatı əldən verir. Ən acınacaqlı isə çox vaxt gözü yollarda qalan valideynlərə övladının ölüm səbəbi deyilmir. Etirazın bir qəpik qiyməti də yoxdur. Ölüb, vəssalam. Bir molla, bir də qəbir. Araşdıran, çıxıb bu barədə söz deyən, qalanlara təsəlli verən də gözə dəymir. Bu qədərmi sadədir, Səfər Əbiyev cənabları? İndi bu ucuz əsgər ölümlərindən sonra hansı vətənpərvərlikdən, analoqu olmayan hərbi xidmətdən dəm vurmaq olar? Bəli, bizim hərbi komissarlıqda tayı-bərabəri olmayan korrupsiya oyunları gedir. İllərdir davam edən tendensiya öz işindədir. Real xəstə sayılanlar əsgərliyə yola salınır, sağlama isə klassik xəstəlik kağızı hazırlanır. Pulun gücüylə iradəsiz, pula həris kəslər susdurulur. Lap bunları kənara qoyuram. Bəs deyirdilər, müharibə olsa övladlarımızın qanı boşuna töküləcək. Hansı müharibə? Kaş ölən əsgərlər elə Vətən uğrunda şəhid olardı. Müharibə buradadır. Ölüm-dirim müharibəsi. Görəsən, məsuliyyət daşıyanlar qanırlarmı ki, hər belə əsgər ölümü minlərlə ana-atanın ürəyinə od salır, yuxusuna haram qatır. Onlar da övladının qara xəbərini eşitməmək üçün yanıb-alışırlar.

Bunu qanmaq üçün övladını həmin sadə əsgər sırasında görmək lazımdır. Görmək üçünsə kişilik ,cəsarət və vicdan gərəkdir. Bu da ki..