Əsgərlər and içdi

esgerler-and-icdi
Oxunma sayı: 838


"Qafqazinfo"ya daxil olan məlumata görə, hərbi hissə rəhbərliyinin, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun, millət vəkili Qənirə Paşayevanın və əsgərlərin valideynlərinin iştirakı ilə keçən andiçmə mərasimində hərbi andı qəbul edən əsgərlər nizam-intizamlı, cəsur və qorxmaz, vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqlarına söz veriblər.

Andiçmə mərasimində çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov əsgərlərə öz xidməti borclarını layiqincə yerinə yetirməyi arzulayıb.

Millət vəkili Qənirə Paşayeva andiçmə mərasimi ilə hərbi qulluğa başlayan gənc hərbçiləri təbrik edib və öz şərəfli xidməti borclarını layiqincə yerinə yetirməyi arzulayıb. Millət vəkili Qənirə Paşayeva deyib ki, "hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır . Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq." Hazırda dünya müsəlmanlarının Ramazan bayramı sevincini yaşadıqlarını deyən millət vəkili Qənirə Paşayeva "İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək. Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər”.

Təntənəli mərasimdə çıxış edən yüksək rütbəli hərbi hissənin rəhbərliyi və əsgərlərin valideynləri fəxri gün münasibətilə hərbi qulluğa yeni başlayan gəncləri təbrik ediblər. Hərbçilər dövlətin silahlı qüvvələrin gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.

Daha sonra millət vəkili Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Sonra tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkil etdiyi bədii hissə və konsert proqramı ilə davam edib. Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahanın ifa etdiyi mahnılar hərbçi və əsgərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.