Eskalatorun şotkasında ayaqqabı silənlər

eskalatorun-sotkasinda-ayaqqabi-silenler
Oxunma sayı: 1080

Azər Qismət 

Metronun “Sahil” stansiyasının hansı səbəbdən 10 ay təmir olunacağı adamları çox təəccübləndirdi. Bir stansiyanın belə uzun müddətə təmirə dayanmasının başqa yolu yox idimi? Nəzərə alaq ki, minlərlə sərnişinin evinə yaxın olan stansiya əlavə vaxt itkisinə, əsəbiliyə gətirib çıxaracaq. Üstəlik, nəzərə alaq ki, “Sahil” metrosu paytaxtın görməli yerlərinə çox yaxındır. Turistlərə yaranan belə çətinlik də anlaşılan deyil. Adətən görümüşük ki, turistlərin metrodan istifadəsi üçün hər cür şərait yaradılır. Bu dəfə əksini gördük. 

Amma adıçəkilən metro 10 ay təmirə dayanmaya da bilərdi. Çünki təmiri adamların iştirakı ilə də aparmaq mümkündür. Hissə-hissə, mərhələ şəklində, gecə növbəsinə qalmaqla. “Sahil” stansiyasının rekord müddətə təmir ediləcəyinə dair bu qədər. İndi isə ictimai nəqliyyatda, xüsusilə metroda sərnişinlərin özlərini necə aparmaları qaydalarına aid bəzi məsləhətlər. Konkret olaraq bunları etmək olmaz. 

1.Metro vaqonuna daxil olduqda kürəkdəki çantanı çıxarıb əldə tutarlar;
2. İctimai yerdə boyun və boğaz nahiyəsindəki kiri bürmələməzlər; 
3. Oturmağa yer verəndə qarşı tərəf qayıdıb təşəkkür etməlidir;
4. Vaqonlara "Burda Elnur olub" tipli yazılar yazmazlar;
5. Eskaltorda oturmazlar, sol tərəfi boş buraxarlar, qəpik atıb eskalatorun qurtaracağındakı köşkdə oturan qadını qadını qışqırtmazlar;

6.İctimai nəqliyyatda (bu hər yerə aiddir) qoltuğun altının tərini silməzlər;
7. Telefonla möhkəm danışıb evdə, qohum-əqrəbada baş verənləri aləmə car çəkməzlər;
8. Stansiyaya çatar-çatmaz qapıları qol gücünə açmazlar;
9. Qatar gələndə perronun lap kənarında durub “risovkalıq” etməzlər.
10. Gənc analar arvadlaşıb uşağını döyməz.

11. Ayaqüstə dayanan qadınları “narahat” etməzlər;
12. Oturub ayağı şlaqbaum kimi uzatmazlar; 
13. İctimai yerdə barmağı buruna salmazlar;
14. Yetkin insanlar telefonda oynadıqları “iqra”ların səsini azaltmalıdır;
15.  Əvvəl vaqondan düşənləri gözləyib sonra minərlər;

16. Eskalatorun aşağı hissəsindəki şotkada ayaqqabı silməzlər;

17. Ayaq və əlləri 100 metr aralı tutub 2 oturacağı tutmazlar. Genəlmək üçün xüsusi zallar inşa edilib; 
18. Metrostansiyaya girəndə və çıxanda divarların dibinə dəvə kimi tüpürməzlər;
19. İctimai yerdə köynəyi qaldırıb qarını qaşımazlar;
20. Eskalatordan çıxan kimi siqaret yandırmazlar;
21. Eskalatorun qurtaracağındakı bələdçi xanımın köşkünə çırtma çalıb özlərini bilməməzliyə vurmazlar;
22. Yaşlı adamları görəndə özlərini yuxuluya vuranlar kipriklərini tərpətməməlidir.
 
Ola bilsin, belə məsləhətlər cəmiyyətdə özlərini apara bilməyənlərə evdə valideynlər, məktəbdə müəllimlər tərəfindən verilmir. Hər halda savab iş görməli olduq.