“Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir” - Şərh

eslinde-erdoganin-suriyaya-baxisi-putinin-xosuna-gelmir
Oxunma sayı: 1069

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin Kremldə keçirilən görüşü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, xüsusilə Suriya məsələsi müzakirə olunub.

Politoloq Elxan Şahinoğlu Türkiyə-Rusiya prezidentlərinin görüşünü belə şərh edib: 

“Liderlər Suriyanı müzakirə etdilər. Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib; nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Putin Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları “kürd qruplar” adlandırır. Demək, Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir”.

E.Şahinoğlu bununla belə Ərdoğanla Putinin dostluqlarını davam etdirəcəklərini bildirib: 

“Çünki ABŞ hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “Türk axını” layihəsi və C-400 anlaşması var”.