“Əsrlər boyu Azərbaycan digər imperiyaların tərkibində olub”

esrler-boyu-azerbaycan-diger-imperiyalarin-terkibinde-olub
Oxunma sayı: 634

Tədbir iştirakçılarına təşəkkürünü bildirən dövlət başçısı Davos Forumunda 7 dəfə iştirak etdiyini xatırladıb, bildirib ki, Bakı Forumu Azərbaycan haqqında anlayışı olmayan şirkətləri məlumatlandırmaq baxımından mühüm əhəmiyyət daşıyır: “Müstəqilliyimizin 20 yaşı var. 90-cı illərin əvvəlində Azərbaycanın vəziyyəti yaxşı deyildi. Sovet ittifaqının süqutundan sonra problemlərimiz, daxildə çaxnaşmalar vardı, Ermənistan tərəfindən ərazilərimiz işğal edilmişdi”.

Azərbaycanda enerji sektorunda görülən işlərdən danışan prezident İlham Əliyev bildirib ki, enerji sahəsində bir sıra islahatlar aparılıb: “Bu, bazar iqtisadiyyatına keçid idi. Azərbaycan islahatlara başladığı zaman enerji sektoruna investorları cəlb edə bildi. Sonrakı mərhələdə biz iqtisadi inkişafımızı enerji sahəsindən qeyri-enerji sektoruna yönəltdik. İqtisadi və siyasi islahatlara sərmayə qoyduq və bu proses bu gün də davam edir. Bizim əlverişli coğrafi mövqeyimiz var. Biz karbohidrogen mənbələrimizin çoxşaxəli daşınma marşrutlarını yaratmışıq. Yeddi neft və qaz kəmərimiz var. Eyni zamanda Xəzər sahilindəki digər tərəfdaşlarımıza da onların karbohidrogen ehtiyatlarının daşınmasına dəstək veririk”.

Ölkədə yoxsulluq səviyyəsinin azaldığını, inflyasiyanın birrəqəmli səviyyədə olduğunu diqqətə çatdıran prezident son onillikdə ölkə iqtisadiyyatın üç dəfə artdığını bildirib: “Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir”.

Prezident qeyd edib ki, son 10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb: “Bunun da müəyyən hissəsi xarici sərmayədir. Bu isə ölkədəki sabitliyi göstərir”.

İ. Əliyev Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident TANAP layihəsinin yeni enerji dəhlizi olduğunu, onun ən azı 100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını qeyd edib.

“Bizim hökumət üçün şaxələndirmə bir nömrəli prioritetdir. 2004-2009-cu illərdə regional inkişaf proqramı yaratdıq və burada özəl sektorun inkişafı hədəf götürüldü. Ötən il qeyri-neft sektorunda 10 faiz artım olub. Şaxələndirmə bu formada gedəcək”.

Prezident bildirib ki, növbəti 8-9 ildə ümumi daxili məhsulun həcmi 2 dəfə artırılmalıdır: “Enerji faktorundan asılılığı azaltmalı, kənd təsərrüfatı və digər sektorları inkişaf etdirməliyik”.

Daha sonra sualları cavablandıran prezident İ. Əliyev bildirib ki, suverenlik Azərbaycan üçün müzakirə edilməyən bir meyardır: “Bu vacibdir və əsasdır. Əsrlər boyu Azərbaycan digər imperiyaların tərkibində olub. Bugünkü Azərbaycanla 50 il əvvəlki Azərbaycan eyni ölkə deyil. Biz regional əməkdaşlıq layihələrinin əksəriyyətini həyata keçirməyə başlamışıq. Biz inteqrasiyanın tərəfdarıyıq, amma bu hüdudları keçib suverenliyi azaltmaq və s. kimi fikrimiz yoxdur”. /“APA-Economics”/