Əşşi, bizdə futbol var?!

essi-bizde-futbol-var
Oxunma sayı: 691

Emin Səfərov

12 may 2012-ci il… Həmin gecə “Qalatasaray”ın tarixinə qızıl hərflərlə yazılmışdı. “Cim-bom” 18-ci çempionluğununu əzəli rəqibi “Fənərbaxça” ilə oyunda qazanmışdı. Özü də Kadıköydə, “Şükrü Saracoğlu”da…

Üzərindən 5 il, növbəti çempionluqlar keçməsinə, “Qalatasaray”ın Türkiyə futbolu tarixində formasına 4-cü ulduzu taxan ilk komanda olmasına baxmayaraq, “sarı-qırmızı”lı fanatlar ən anlamlı çempionluq kimi məhz əzəli rəqibin meydanında qazandıqları zəfəri qeyd edirlər. Hələ də “sahasında kupa kaldırdıklarımızın çoçukları” söhbəti aktuallığını itirməyib. Bu, 100 illik əzəli rəqabətə daha bir tövhə idi…

Həmin gecəTürkiyə Futbol Federasiyasının rəsmiləri "Qalatasaray"a kuboku meydançada yox, paltardəyişmə otağında vermək istəyirdi. Narahat idilər ki, Fatih Terimin yetirmələri kuboka meydançada qovuşsa, söz-söhbət yaranacaq, ixtişaş baş verəcək, durduq yerə başlarını ağrıdacaqlar. Çünki “Fənərbaxça” azarkeşləri əzəli rəqiblərinin bu zəfərini qəbul etməyib, xoşagəlməz hadisəyə səbəb ola bilərdilər. Ancaq "Qalatasaray" rəsmiləri kubokun paltardəyişmə otağında verilməsi ilə razılaşmadılar. Həmin dönəm klub idarəçilərindən olan Abdurrahman Albayrak deyir ki, “mən bu durumu azarkeşimə açıqlaya bilmərəm. Bizim və azarkeşlərin haqqı o kuboku "Şükrü Saracoğlu"da qaldırmaqdı, vəssalam!”

Kubokun paltardəyişmə otağında verilməsi üçün "Qalatasaray"ı razı salmaq məqsədi ilə məsələyə kimlər qarışmadı ki… İstanbul  Valiliyindən tutmuş, nəhəng şəhərin bütün vəzifəlilərinə qədər. Axırda Albayrak  Başbakan Rəcəb Tayyib Ərdoğana birbaşa zəng edərək həm durumu izah edir, həm də kubokun meydançada qaldırılmasına nail olur. 

Vəssalam!

Əslində, çəkdiyim nümunə Azərbaycan futbolunda komandalar arasında rəqabət yaratmaq istəyənlər üçün master-klassdı. Ancaq bizim futbolun başbilənləri futboldan başqa, bütün işlərlə məşğul olan başlarını ağrıtmaq istəmirlər. Son Azərbaycan birincisi olan “Qarabağ”a da haqq etdiyi çempionluq kubokunun sonuncu turda, “Neftçi” ilə oyunda verilməməsinin də səbəbi məhz budur. Halbuki, bu, “Qarabağ” azarkeşləri üçün göydəndüşmə fürsət idi. Ağdam klubun rəhbərliyi kubokun “Azərsun Arena”da yox, 8-ci km qəsəbəsi stadionunda verilməsini tələb etsəydi, onda bu iki komandanın rəqabətinə rəng qatmış olacaqdılar. “Neftçi” azarkeşləri də Ağdam alınana qədər Suraxanıda çempionluq kubokunu qaldırmaq arzusu ilə alışıb-yanacaqdı…

Ancaq görünən odur ki, “Qarabağ” üçün kubokun onlara meydançada və yaxud da paltardəyişmə otağında verilməsinin heç bir fərqi yoxdur. Amma bu, bir mövsümün əziyyəti, futbolçuların alın təri, baş məşqçinin yuxusuz gecələrinin bəhrəsidirsə, çempionluq haqq etdiyi şəkildə qutlanmalıdır. Özü də əzəli rəqibin stadionunda! Bu, əslində həm də futbola marağın artmasına, onun inkişafına təkan verən vasitədir. Amma kimə deyirsən?

Bizdə “Neftçi” rəhbərliyi öz azarkeşindən polisə şikayət edir, baş məşqçisi onu istefaya səsləyən fanatları “xuliqan” adlandırır. “Qarabağ” azarkeşlərini məlum kreativ  “vaqon” pankartına görə, az qala klub rəhbərliyi, mətbuat qınayır, bunu doğru qəbul etmir.

Qardaş, elə futbola marağı belə şeylər artır da.  Məgər “Neftçi” azarkeşləri haqqın rəhmətinə qovuşan “Xəzər Lənkəran”ın ölüsündən əl çəkibmi ki? Məgər, başa çatan çempionatda “Neftçi” fanatları əzəli rəqib hesab etdikləri “Xəzər Lənkəran”a qarşı azmı nekrofillik etdi? Məgər, “Qalatasaray” - “Fənərbaxça” derbisində rəqib söyülmürmü? Söyülür, hələ o tərəfə də keçilir. 

İndi nə edək ki, biz türklər özümüzü söyüş söyəndə daha doğru ifadə edə bilirik? Əgər, rəqabət, intirqa istəmirsizsə, hələ çox AZAL – “Səbail” matçında baxıb, “azarkeşsiz futbolu təsəvvür etmək çox çətindi” deyəcəksiz. Yaxud da elə “El Klasiko”ya baxıb, feysdə “Messi qooooooooooool”, “Oğulsan Messi!”, “Ronaldo, atova lənət” yazmaqla məşğul olacaqsınız. Bizim öz futbolumuz isə “Əşşi, bizdə futbol var?” statusundan o tərəfə keçə bilməyəcək.

P.S. “Neftçi” azarkeşlərinin yerinə olsam, “vaqon” pankartına cavab olaraq “Başkan, kuboku Ağdama apar!” pankartını açaram. Çünki başkanın azarkeşlərə cavab olaraq, “Kubok burdan ora, ordan bura gəzə bilməz. Biz o zaman enerjimizi itirəcəyik” deməsi, söyüşdən də betərdi. 

P.P.S. Bakı-Ağdam qatarına bilet satılmır.