Ət problemi

et-problemi
Oxunma sayı: 3261

Dünya Sakit

Son zamanlar Azərbaycanda bir dəb yaranıb – kim ağzını açıb ət-yağ almaqdan danışırsa, küll halında tökülüşürlər üstünə ki, bəs yemək rejiminə diqqət etmək lazımdır, ət-yağ orqanizmə zərərdir, daha nələr... Özü də hamı elliklə fikrini əsaslandırmaq üçün Avropada insanların məhz belə etdiklərini, ət-yağdan uzaq durduqlarını bəyan edir.

Bu deyilənlərin bir qismində həqiqət var: tək Avropada deyil, dünyanın əksər inkişaf etmiş ölkələrində insanlara ətsiz qidalanma rejimi tətbiq olunur. Lakin ucdantutma hamıya deyil, köklükdən əziyyət çəkənlərə. Özü də yalnız ət-yağ deyil, çoxlu sayda digər qida və içkilərin qəbulu tam qadağan olunmayaraq, məhdudlaşdırılır. Bunun da əsas səbəbi odur ki, inkişaf etmiş ölkələrdə həyat şəraiti yüksəkdir, insanların bol və keyfiyyətli ərzaqlarla qidalanma imkanları genişdir. Bu isə istər-istəməz ifrat kökəlmələri artırır, xüsusilə uşaq və yeniyetmələr arasında. Məhz bu səbəbdən ABŞ və Avropada yüksək kalorili, piylənməyə yol açan qidaların əsasən də uşaqların rasionunda məhdudlaşdırılması siyasəti yürüdülür. Lakin bu, heç də ət (balıq, quş, mal, qoyun, donuz və sair) və kərə yağının əhalinin rasionundan birdəfəlik çıxarılması, yaxud ifrat həddə məhdudlaşdırılması demək deyil. Çünki həm ət, həm də kərə yağı insan orqanizmi üçün əvəzolunmaz qidalardan bəlkə də birincisidir.

Övladlarım dünyaya gələndən sonra uşaqların qidalanma rasionu barədə yüzlərlə materiallar oxumuşam, dünyanın ən məşhur pediatrlarının tərtib etdiyi qidalanma cədvəllərinə baxmışam. Hamısında birmənalı olaraq ət və kərə yağının uşaq orqanizmi üçün çox yüksək önəm daşıdığı qeyd olunur. Əldə etdiyim bütün qidalanma cədvəllərində 6 aylıqdan başlayaraq uşaqların rasionuna ət və kərə yağı daxil edilib. Mal, quzu, balıq ətinin hərəsi insan orqanizmində bir neçə mühüm prosesin normal getməsi üçün əvəzsiz mənbədir. Mal və quzu əti kalsium, dəmir və D qrup vitaminlərin orqanizmə sovrulmasında mühüm rol oynayır. Bu məhsullar eyni zamanda qanın tərkibində hemoqlabinin səviyyəsinin tənzimlənməsində həlledici rola malikdir. Balıq əti və yağı beyinin funksiyalarını gücləndirir, görmə və əqli qabiliyyətin artmasına səbəb olur. Həm ət, həm də kərə yağının xüsusilə yaşlı insanlarda sümüklərin kövrəkləşməsinin qarşısını aldığı elmə əsrlərdir məlumdur. 

Yəqin heç kim unutmayıb: 90-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkəyə kütləvi şəkildə mənşəyi məlum olmayan yararsız ərzaqlar gətirildi. Həmin ərzaqların əhalinin sağlamlığına vurduğu zərər indi üzə çıxmağa başlayıb – xərçəng, sirroz, böyrək çatışmazlığı, diabet kimi qorxunc xəstəliklər sürətlə artır. Xüsusilə də ölümlü bəla olan xərçəngə tutulma halları ətrafımızda getdikcə daha “sıx” həlqə yaratmaqdadır. Bütün bunların əsası isə məhz qeyd etdiyim dövrdə qoyulub. Buna görə də indi ət və kərə yağının sürətlə bahalaşması, əhalinin getdikcə daha çox hissəsinin onlardan az istifadə etməsi, yaxud heç istifadə edə bilməməsi, xaricdən gətirilən və keyfiyyətinə heç kimin zəmanət vermədiyi ucuzundan almalı olması ciddi fəsadlar verə bilər. 

Ət və kərə yağından az istifadə edən qadın və kişilərin dünyaya gətirdikləri uşaqlarda genetik xəstəliklərin baş qaldırması riski çox yüksək olur. Bu gün bahalığı üzündən bu məhsullardan yetərincə istifadə edə bilməyən ailələrdə böyüyən uşaqlar sabahın ata-anasıdır. Və sabah onlardan daha çox sayda fiziki, əqli qüsurlu, ən müxtəlif xəstəliklərin daşıyıcıları olan uşaqların dünyaya gəlməsinin əsası məhz indi qoyulur. Həmin xəstəliklərin böyük əksəriyyəti üzrə müalicənin dövlət hesabına aparıldığını nəzərə alsaq, yaxın gələcəkdə dövlət büdcəsinin üzərinə düşən yükün dəfələrlə artması qaçılmaz olacaq. 

Əhalinin sağlamlığının, rifahının qeydinə qalmalı olan qurumların bu vəziyyəti nəzərə alaraq zəruri tədbirlər görməsi çox vacibdir: həm yersiz bahalaşmanın qarşısının alınması, həm əhalinin rifah halının yüksəldilməsi, həm də ən azından ölkəyə keyfiyyətli ət-yağın gətirilməsinin təmin olunması istiqamətində. Əksər MDB və Avropa ölkələrində ərzaq bazarı dövlətin diqqət mərkəzindədir, əhalinin qida rasionunda mühüm yer tutan əsas ərzaq məhsulları üzrə yersiz və ifrat bahalaşmaların qarşısını vaxtında almaq üçün rıçaqlar mövcuddur. Azərbaycanda da ərzaq bazarına vaxtında təsir etməyə imkan verən effektiv rıçaqlardan istifadə olunmalıdır.